İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə 40-cı Avropa çempionatının püşkatma mərasimi keçirilib 

29 fevral 2024

Bədii gimnastika üzrə 40-cı Avropa çempionatının püşkatma mərasimi keçirilib 

22-26 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində bədii gimnastika üzrə 40-cı Avropa çempionatı keçiriləcək. Bu gün bədii gimnastika üzrə Texniki Komitənin, yerli Təşkilat Komitəsinin və Macarıstan Gimnastika Federasiyasının iştirakı ilə Avropa çempionatının təşkili ilə bağlı məsələlər müzakirə edilib və yarışın püşkü atılıb. 
Qeyd edək ki, yarışda 40 ölkədən (218 böyükyaşlı, 122 gənc gimnast) 340 idmançı qüvvəsini sınayacaq. Böyükyaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında, gənclər isə yalnız fərdi proqramda qüvvələrini sınayacaqlar. Yarışda ölkəmizi böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova, Kamila Qafarova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina təmsil edəcəklər. Gənclər arasında isə millimizin üzvləri Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı çempionluq uğrunda mübarizəyə qoşulacaqlar.