19 may 2019
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının fərdi proqramı üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, halqa ilə hərəkətlərdə Dina Averina qızıl medal qazanıb (Rusiya, 23.300 xal). Yekaterina Qalkina (Belarus, 21.150 xal) gümüş, Nikol Zelikman isə (İsrail, 20.950 xal) bürünc medallara sahib olub.
Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bədii Gimnastika üzrə Texniki Komitəsinin prezidenti Natalya Kuzmina, Avropa Gimnastika İttifaqının (UEG) Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Dominik Muller-Lot, UEG-in Baş katibi Liza Vortman təqdim edib.
Topla hərəkətlərdə birinci yeri Arina Averina (22.850 xal) tutub. İkinci yerdə Aleksandra Soldatova (Rusiya, 22.050 xal), üçüncü yerdə isə Boryana Kaleyn (Bolqarıstan, 21,800 xal) qərarlaşıb.
Mükafatları UEG-in mətbuat katibi Tina Qerets, UEG-in Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Elena Aliprandi, bədii gimnastika üzrə çoxqat dünya çempionu, 1996-cı ildə Atlantada keçirilmiş Olimpiya Oyunlarının mükafatçısı Yana Batırşina təqdim edib.
Gürzlər ilə hərəkətlərdə isə qızıl medalı Arina Averina qazanıb (Rusiya, 23.200 xal). Gümüş medala Dina Averina (Rusiya, 22.950 xal), bürünc medala isə Vlada Nikolçenko (Ukrayna, 22.475 xal) sahib olub.
Mükafatları UEG-in idman meneceri Kler Terner, UEG-in Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Evanqeliya Trikomiti və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim ediblər.
Lentlə hərəkətlərdə isə birinci yeri Dina Averina (Rusiya, 20.400 xal), ikinci yeri Aleksandra Soldatova (Rusiya, 20.300 xal), ücüncü yeri isə Boryana Kaleyn (19.750 xal) tutub.
Mükafatları UEG-in Bədii Gimnastika üzrə Texniki Komitəsinin rəhbəri Mariya Petrova, UEG-in Bədii Gimnastika Texniki Komitəsinin üzvü Elena Nefyodova və yarışların dierektoru Natalya Bulanova təqdim edib.
Həmçinin avstriyalı gimnast Nikol Ruprext "SmartScoring Shooting Star" nominasiyası üzrə mükafatlandırılıb. Mükafatı "SmartScoring"in nümayəndəsi Kamran Ramazanov təqdim edib.