03 may 2024
37 ölkə, 160 idmançı, 1 meydança və eyni məqsəd! Nəhayət, vaxt gəlib çatdı qitənin ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa kubokuna. Bu gün gimnastlar nümayiş etdirdikləri performanslarla sanki havada quştək süzülür və icra etdikləri hər bir hərəkətlə tamaşaçıları özlərinə heyran qoyurdular. 12 saatdan çox davam edən yarışda zamanın axma sürəti gimnastların çevikliyinin tempi ilə eynilik təşkil edirdi. Həm də bu gün arenada sadəcə hərəkətlər yox, eyni zamanda sürpriz fləşmoblar və quizlərlə dolu bir gün yaşandı.
Çoxnövçülük üzrə böyüklər arasında baş tutan təsnifat yarışları ilə keçən ilk gündə gimnastlar nümayiş etdirdikləri performanslar ilə bütün diqqətləri üzərilərinə toplayıblar. Çıxışlar zamanı hətta elə anlara şahidlik etdik ki, tamaşaçıların emosiyaları musiqi səsini üstələyirdi. Təsnifat yarışlarının sonunda ən yaxşı nəticə göstərən 16 böyük fərdi gimnast müəyyən olunub və onlar, çarpaz qarşılaşmalar sistemi ilə mübarizə aparacaqlar. Həmin 16 gimnastın arasında Azərbaycanın böyük fərdi gimnastları Ağamirova Zöhrə və Seyidzadə Kamilla da yer alır. Qeyd edək ki, böyüklərdən ibarət bədii gimnastika üzrə millimizin üzvü Ağamirova Zöhrə bu dəfə də uğurlu çıxışı ilə bizi qürurlandıraraq top, lent və halqa proqramlarında finala vəsiqə qazanıb.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev idmana böyük dəstək verir”. Bu sözləri Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Avropa Gimnastikasının prezidenti cənab Fərid Qayıbov mötəbər idman tədbirinin açılış mərasimində deyib. Nazir çıxışında vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində gimnastika ölkəmizdə böyük populyarlıq qazanıb. Nazir Fərid Qayıbov həmçinin qeyd edib ki, bədii gimnastika ölkəmizdə qızların ən çox maraq göstərdiyi idman növüdür. Onun fikrincə, bu turnir idmançıların təcrübələrini artırmaları üçün xeyli əhəmiyyətlidir.
Milli Gimnastika Arenası növbəti iki gün ərzində də fiziki zərafətin və estetikanın ən zirvə anlarına şahidlik etməyə davam edəcək.