İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə Avropa kuboku belə yadda qaldı

05 may 2024

Bədii gimnastika üzrə Avropa kuboku belə yadda qaldı

Azərbaycan Gimnastika Federasiyası olaraq ev sahibliyi etdiyimiz daha bir məsuliyyətli, mötəbər yarışa – bədii gimnastika üzrə Avropa kubokuna yekun vurduq! Bu beynəlxalq tədbirin məsuliyyətinin böyüklüyü onun qitədə ilk dəfə olaraq keçirilməsi və bu tarixin bizim ölkəmizdə yazılması idi. Avropa kubokuna hazırlıq həm federasiyamız, həm də idmançılar üçün xeyli əvvəl başlamışdı. Belə ki, əcnəbi idmançılar daha əvvəlcədən ölkəmizə gələrək yarış üçün məşq proseslərində iştirak edir, Azərbaycanın bədii gimnastika təcrübəsindən bəhrələnməyə çalışırdılar. Geridə qoyduğumuz bədii gimnastika üzrə Avropa kuboku sadəcə bir idman tədbiri deyil, həm də vizual şou idi, desək, yanılmarıq. Musiqili çıxışlar, xüsusi hazırlanmış və tamaşaçını da qoşulmağa vadar edən rəqs kompozisiyaları, sürpriz fləşmoblar hər yaş qrupundan olan izləyicinin zövqünü oxşayıb. Milli Gimnastika Arenasında 37 ölkədən gələn 160 gimnast isə bir növ zərafət yarışında iştirak edirdi. Edilən hərəkətlərdəki zəriflik ilə bu hərəkətləri icra etməyin çətinliyi arasındakı düz mütənasiblik çoxlarına məlumdur. 
Ölkəmizdə baş tutan bu yaddaqalan tədbirin özünəməxsus xüsusiyyətlərindən biri də ilk dəfə olaraq çarpaz qarşılaşmalar adlı yeni formatda yarışların təşkil olunması idi. Əvvəlcə çoxnövçülük üzrə böyüklər arasında baş tutan təsnifat yarışlarının nəticələrinə əsasən çarpaz qarşılaşmada mübarizə aparacaq 16 böyük fərdi gimnast müəyyənləşib. Böyük fərdi gimnastlar arasında keçirilən yarışda Stiliana Nikolova (Bolqarıstan) qızıl, Sofiya Raffaeli (İtaliya) gümüş, Darya Atamanov (İsrail) bürünc medalın sahibi olub. Fəxri kürsünün sahibləri medal və hədiyyələrlə təltif olunublar. İlk üçlüklə bərabər ulduz onaltılığın digər nümayəndələri də pul mükafatına layiq görülüb. Millimizin üzvləri Ağamirova Zöhrə mübarizəni 1/4 final mərhələsində dayandıraraq 8-ci yer, Seyidzadə Kamilla isə 1/8 finala qədər gələrək 16-cı yerdə qərarlaşıb. 
Bizə ilk medalı isə böyüklərdən ibarət qrup hərəkətləri komandamız gətirib. Millimizin üzvləri 3 lent və 2 topla (29,950), eləcə də çoxnövçülük (71.550) üzrə çıxışlarında fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb, nəticədə isə ölkəmizə 2 bürünc medal qazandırıblar. 5 halqa (36,950) ilə də bacarıqlarını sınayan komandamızın üzvləri bu performanslarına görə 4-cü yerə layiq görülüblər.
Daha iki sevindirici xəbər yarışın son günündə gənc fərdi gimnastlarımızdan gəlib. Gənclərdən ibarət millimizin üzvü Bahadırova İlahə top (31,550), Ağahüseynova Şəms isə lent proqramında (30,250) nümayiş etdirdikləri çıxışlarına görə gümüş medalla təltif olunublar. Gənc fərdi gimnastlarımız komanda hesabında isə fəxri kürsüyə yüksələ bilməsələr də, 5-ci yerdə qərarlaşıblar.
Həmçinin finalda böyük fərdi gimnastımız Ağamirova Zöhrə lentlə hərəkətlərdə çıxışından sonra 4-cü pillədə qərarlaşıb. O digər alətlərdə də özünü sınayıb. Belə ki, topla çıxışda 6-cı, halqa proqramında isə 8-ci sırada yer alıb. 
Ümumilikdə bədii gimnastika üzrə Avropa kubokunda ölkəmiz 2 bürünc və 2 gümüş olmaqla 4 medalla yarışa yekun vurub.
Yarışın gedişatı və nəticələr haqqında ətraflı məlumatı saytımızdan əldə edə bilərsiniz.