İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə Dünya Kuboku start götürdü

27 aprel 2018

Bədii gimnastika üzrə Dünya Kuboku start götürdü

Aprelin 27-də Milli Gimnastika Arenasında Bakıda keçirilən bədii gimnastika üzrə altıncı Dünya Kuboku yarışının təntənəli açılış mərasimi olub.

İlk öncə iştirakçı ölkələrin paradı keçirilib.

Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycanın növbəti dəfə mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu diqqətə çatdıraraq, idmançılara uğurlar arzulayıb. 

Y. Məmmədəliyev əminliklə bildirib ki, ölkəmiz həmişə olduğu kimi, bu dəfə də qonaqpərvərliyi və yüksək səviyyəli təşkilatçılıq bacarığı ilə yaddaşlarda qalacaq.

Mötəbər turnirdə 25 ölkənin təmsil olunduğunu vurğulayan şöbə müdiri iştirakçılara uğurla arzulayıb və yarışı açıq elan edib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bəşəriyyətin yaradılışında mühüm rol oynayan Su, Od, Yel və Torpaq ünsürləri bu turnirin açılış mərasiminin bədii hissəsinin əsas komponentlərini təşkil edib. Qədim dövrdən bu günə kimi haqqında bir çox hekayələr qoşulan bu ünsürlər gimnastların təqdimatında yeni nəfəslə tamaşaçılara təqdim olunub. Kompozisiyanın quruluşçu rejissorları fəlsəfi ideyalardan ilhamlamaraq, həyati əhəmiyyət daşıyan bu komponentlərin təkcə Yer kürəsinin yaradılışında deyil, idmanda da nümayiş etdiriblər.

Müasir işıq effektlərinin, böyük monitorda yayımlanan təsvirlərin, hərəkətli musiqi parçalarının mükəmməl vəhdətinin yaratdığı möhtəşəm şou tamaşaçıların böyük marağına səbəb olub. Möhtəşəm kompozisiyada həmişə olduğu kimi, gimnastika növləri üzrə milli komandaların üzvləri və xoreoqrafları iştirak ediblər.

Yarışın ən maraqlı məqamlarından biri ötən günlərdə Bakıda keçirilmiş batut gimnastikası, ikili mini batut və tamblinq üzrə 26-cı Avropa çempionatının maskotu – “Qur-Qur”un yenidən tamaşaçılarla görüşə gəlməsi olub.