İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə Dünya kubokunun ulduz iştirakçıları

12 aprel 2026

Bədii gimnastika üzrə Dünya kubokunun ulduz iştirakçıları

17–19 aprel tarixlərində Bakı yenidən dünya gimnastikasının diqqət mərkəzinə çevriləcək. Paytaxtımızda keçiriləcək Bədii gimnastika üzrə Dünya kuboku zəriflik və ustalığın vəhdətini nümayiş etdirən möhtəşəm idman bayramına çevriləcək. Dünyanın müxtəlif ölkələrindən gələn ən güclü gimnastlar birincilik uğrunda mübarizə aparacaq, tamaşaçılara unudulmaz anlar yaşadacaqlar.

Yarış iştirakçıları arasında artıq beynəlxalq arenada öz sözünü demiş tanınmış gimnastlarla yanaşı, doğma azarkeşlər önündə parlaq çıxış etməyə hazırlaşan milli komandamızın üzvləri də yer alacaq.

Qrup hərəkətləri üzrə yarışlarda İtaliya, Bolqarıstan və İsrail kimi güclü komandalar mübarizə aparacaqlar.

Fərdi proqramda isə tamaşaçıları xüsusilə maraqlı çıxışlar gözləyir. Paris Olimpiya Oyunlarının çempionu, Almaniyanı təmsil edən Darya Varfolomeyev bu yarışın əsas ulduzlarından biridir. O, altıqat dünya, ikiqat Avropa çempionudur və bu titullarından birini məhz Bakıda qazanıb.

Bundan əlavə, Tokio Olimpiadasının bürünc medalçısı, bir çox beynəlxalq yarışların mükafatçısı Alina Harnasko (AIN) da kubokda iştirak edəcək. Bolqarıstanlı Stiliana Nikolova həm Dünya, həm də Avropa çempionatlarının qalibi kimi diqqət mərkəzindədir və 2024-cü ildə Bakıda keçirilən Avropa kubokunda iki qızıl medal qazanıb.

Kipr təmsilçisi Vera Tuqolukova da uğurlu çıxışları ilə seçilir. O, Dünya və Avropa kuboklarında dəfələrlə medal qazanıb və 2024-cü ildə Bakıda keçirilən Avropa kubokunda bir gümüş, iki bürünc medala sahib olub. İtaliyadan Paris Olimpiadasının bürünc medalçısı Sofiya Raffaeli də mübarizəyə qoşulacaq.

Ukraynalı Taisiya Onofriçuk isə artıq 11 dəfə Dünya kuboklarında medal qazanaraq öz ustalığını sübut edib və Bakıda bu uğur seriyasını davam etdirməyə çalışacaq.

Bir sözlə, bizi yüksək rəqabət, gərgin mübarizə və möhtəşəm çıxışlarla dolu günlər gözləyir. Amma nəticələrdən asılı olmayaraq, bu zərif idman növündə əsl qalib yenə də gözəllik, harmoniya və incəlik olacaq.