22 aprel 2022
Aprelin 22-də Bakıda Bədii gimnastika üzrə Dünya Kubokuna start verilib. Yarışın açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini Mariana Vasileva paytaxtımızın gimnastika növləri üzrə daha bir nüfuzlu yarışı qəbul etməsini ölkəmizdə idmana göstərilən diqqət və qayğının nümunəsi kimi dəyərləndirib. Bakının dünya gimnastikasının əsas mərkəzlərindən biri olduğunu deyən Mariana Vasileva Azərbaycanda idman uğurlarının artdığını və gimnastikanın ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Bədii gimnastika üzrə Dünya kuboku aprelin 24-nədək davam edəcək. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast mübarizə aparır.
Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina təmsil edir.
3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan 9-cu Dünya kubokudur. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.