18 aprel 2025
18-20 aprel tarixlərində Milli Gimnastika Arenası növbəti dəfə möhtəşəm idman hadisəsinə ev sahibliyi edir. Artıq 9-cu dəfədir ki, ölkəmizdə keçirilən bu Dünya kubokuna 38 ölkənin ən istedadlı bədii gimnastları toplaşıb.
Üç gün davam edəcək Dünya kuboku zamanı gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi, eləcə də 5 lent, 3 lent və 2 top üzrə qrup hərəkətləri proqramlarında qüvvələrini sınayacaqlar.
Kubokun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fatimə Şəfizadə ölkəmizin bu yarışlara ev sahibliyinin artıq gözəl bir ənənəyə çevrildiyini bildirib. O, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Gimnastika Federasiyası rəhbərliyinin idmana, xüsusilə gimnastikaya verdiyi böyük dəstəyin bu uğurların təməlində dayandığını xüsusi vurğulayıb.
Fatimə Şəfizadə yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayaraq Dünya kuboku, AGF Trophy yarışını rəsmi olaraq açıq elan edib.
Açılış mərasimindən sonra “Gimnastika hamı üçün” növünü təmsil edən “Moonlight” komandası maraqlı və musiqili şou proqramı ilə çıxış edərək izləyicilərə unudulmaz anlar yaşadıb. Rəngarəng səhnə tərtibatı, kreativ kostyumlar və sinxron hərəkətlər açılışa xüsusi bədii dəyər qatıb.
Qeyd edək ki, bu gün start götürən yarışlara aprelin 20-də yekun vurulacaq. Yarışın sonunda ən çox icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq “AGF Trophy” mükafatına layiq görüləcək.
Bütün gimnastlara uğurlar arzu edirik!