16 fevral 2018
Dünən, Rusiyanın paytaxtı Moskvada Gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarış baş tutub.
Bütün diqqətlərin yönəldiyi bu turnirdə təmsilçimiz Dərya Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq məhz bu oyunlara lisenziyanı əldə edib. Gimnastımız böyük uğura hər 4 çıxışına görə ümumilikdə 53.30 xal toplamaqla nail olub. Yarışlarda ölkəmizi digər bədii gimnastımız Yelizaveta Luzan da təmsil edərək, 43.60 xal toplayıb. Xatırladaq ki, qaydalara əsasən hər ölkədən yalnız bir gimnastın lisenziya qazanmaq şansı olub.
Millimizin Baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə bu il bədii gimnastika üzrə qaydalara yeni dəyişikliklər əlavə olunub və bu turnir də yeni düzəlişlər əsasında baş tutub. Buna görə də həm gimnastlar, həm də məşqçilər üçün yarışlar yetəri qədər çətin və həyacanlı keçib.
“Gənclər arasında Yay Olimpiya Oyunlarına ilk Azərbaycan gimnastının lisenziya qazanması bizi çox sevindirir. Nəzərə almalıyıq ki, ölkəmizi təmsil edən hər iki gimnastımız öz həmyaşıdlarından daha az təcrübəyə malik idi. Buna baxmayaraq, Dərya bu işin öhdəsindən layiqincə gəldi. Əlbəttə, yarışlardan sonra hər iki gimnastla çıxışlarını analiz etdik və özümüz üçün qeydlər apardıq. Əsas odur ki, onların yaxşı çıxışları layiqli xallarla qiymətləndirildi”.
Bu uğurun gimnastlarımız üçün böyük stimul olduğunu qeyd edən Vasileva, qarşıda onları daha məsuliyyətli yarışların gözlədiyini vurğulayıb.
Qeyd edək ki, qalibləri həmyerlimiz, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov mükafatlandırıb.