İdman

gimnastikadan

başlayır

Bədii gimnastlarımız bu dəfə Yaponiyada Dünya Çempionatında

31 oktyabr 2021

Bədii gimnastlarımız bu dəfə Yaponiyada Dünya Çempionatında

Olimpiya Oyunlarından 2 ay sonra bədii gimnastlarımız yenidən “Gündoğan ölkə”yə səfər ediblər. Bu dəfə qızlarımız Dünya Çempionatında iştirak etmək üçün Yaponiyanın Kitakyuşu şəhərinə yollanıblar.

27-31 oktyabr tarixlərində keçirilmiş dünya birinciliyində Azərbaycanı qrup hərəkətləri komandası tərkibində Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Luzan Yelizaveta və Güllü Ağalarzadə, fərdi proqramda isə Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova təmsil edib.

Xalçadakı inamlı çıxışları ilə hər kəsdə xoş emosiyalar yaradan qrup komandamız hər iki çıxış proqramı ilə final mərhələsinə adlayıblar. Həlledici mərhələdə qızlarımız həm 5 topla, həm də  3 halqa və 2 cüt gürzlərlə 6-cı yerdə qərarlaşıblar.

Çoxnövçülük yarışlarında da (iki çıxış proqram üzrə) qrupumuz 6-cı olub.

Fərdi gimnastların yarışında hər dörd alətlə iştirak edən Tokio-2020 Olimpiadasının iştirakçısı Zöhrə fərdi birincilikdə 24-cü olub. Ayrı-ayrı alətlərlə ən yaxşı çıxışını isə gürzlər və lentlə nümayiş etdirərək 21-ci yerdə qərarlaşıb.

Bu Dünya çempionatı 2 fərdi gimnastımız üçün debüt yarışı olub. Gənclər arasında keçirilmiş ilk Dünya Çempionatının ikiqat mükafatçısı Arzu və Avropa Çempionatının bürünc medalçısı Nərmin ilk dəfə dünya birinciliyində böyüklər arasında çıxış etdilər. 3 alətlə kompozisiyalarını nümayiş etdirən Arzu ən yaxşı nəticəsini topla göstərərək 21-ci olub. İstedadlı gimnastımız çoxnövçülükdə 23-cü yerdə qərarlaşıb. Nərmin isə yalnız lentlə çıxış edərək, 41-ci olub.­­­­­­­­­

Komanda hesabı yarışlada bədii gimnastlarımız 8-ci pillədə yer alıb.