02 sentyabr 2022
Sentyabrın 1-də Sumqayıt Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə yığma komandanın üzvlərinin dünya çempionatı öncəsi Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr edilmiş çıxışları baş tutub.
Çıxışlar zamanı gimnastlarımız dünya çempionatında nümayiş etdirəcəkləri proqramlarını təqdim ediblər.
Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, eləcə də Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri iştirak ediblər.
Gimnastikanın ən zərif nümayəndələrinin rəngarəng çıxışlarını Sumqayıt azarkeşləri ilə yanaşı, paytaxt və regionları təmsil edən klubların idmançıları da izləyiblər.
Qeyd edək ki, bədii gimnastika üzrə növbəti, 39-cu dünya çempionatı sentyabrın 14-dən 18-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.
Fərdi yarışlarda ölkəmizi Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova təmsil edəcək. Yığma komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina isə qrup hərəkətləri proqramında medallar uğrunda mübarizəyə qoşulacaq.