İdman

gimnastikadan

başlayır

Böyük uğurlara gedən yolda əzmkar mübarizə 

16 mart 2023

Böyük uğurlara gedən yolda əzmkar mübarizə 

14-16 mart tarixlərində Azərbaycan Gimnastika Federasiyası gimnastika növləri üzrə ilin ikinci milli yarışını uğurla başa vurdu. Tamaşaçılar üç gün ərzində Milli Gimnastika Arenasında kişi idman gimnastikası və akrobatika gimnastikası üzrə 28-ci, qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatında maraqlı və gərgin mübarizənin şahidi oldular. 
Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman klubu, “Qarabağ” İdman Klubu, 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  İdman Məktəbinin təmsilçilərinin iştirakı ilə keçirilən yarışa ilk olaraq idman gimnastlarının çıxışları ilə start verildi. 
Qadın idman gimnastları sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, dayaqlı tullanma proqramları üzrə uşaqlar, yeniyetmələr və gənclər, kişi idman gimnastları isə sərbəst hərəkətlər, dayaqlı tullanma, dəstəli at, halqalar, parallel qollar, turnik proqramı üzrə kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında medallar uğrunda mübarizə apardılar.  
Kişi idman gimnastikası üzrə millimizin üzvləri, Tokio Olimpiya Oyunlarının iştirakçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi İvan Tixonov, İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı, bugünlərdə ölkəmizdə keçirilən Dünya kubokunun bürünc mükafatçısı olan Nikita Simonov kimi yüksək peşəkarlığa malik gimnastların yarışda iştirakı gənc idmançılarımızı böyük nəticələr qazanmağa ruhlandırmaqla yanaşı, onlara həm də böyük təcrübə qazandırdı.  
Akrobatlar isə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında balans, temp və qarışıq hərəkətlər proqramında çıxış etdilər. Bu növ üzrə yarışlarda da Avropa çempionatının gümüş mükafatçıları olan Ağasif Rəhimov və Raziyə Seyidli kimi təcrübəli idmançıların icra etdiyi yeni elementlərlə yanaşı, daha az yaşlı gimnastların çıxışları hər kəs tərəfindən maraqla qarşılandı.
Azərbaycan birinciliyi və Bakı çempionatında gimnastlar əzmlə mübarizə apararaq, hakimlərin, eləcə də onları dəstəkləməyə gələn azarkeşlərin rəğbətini qazanmağı bacardılar.
Gərgin mübarizənin sonunda hər üç növ üzrə qalib və mükafatçılar müəyyənləşdi.
Bununla da, ölkəmizdə daha bir yerli yarış uğurla yekunlaşdı. 
İnanırıq ki, bu gün ilk addımlarını məhz bu yarışlarda atan kiçikyaşlı gimnastları gələcəkdə dünya səviyyəli arenalarda görəcəyik. 
Yarışın yekun nəticələri ilə agf.az saytından tanış ola bilərsiniz.