İdman

gimnastikadan

başlayır

Çarpaz qarşılaşmaların qalibləri müəyyənləşib

04 may 2024

Çarpaz qarşılaşmaların qalibləri müəyyənləşib

Böyük fərdi gimnastlar arasında baş tutan çarpaz qarşılaşmaların qalibləri müəyyənləşib. Bədii gimnastika üzrə Avropa kubokunun 2-ci gününün ən həyəcanlı və dinamik hissəsini təşkil edən çarpaz qarşılaşmaların final mərhələləri zalda xüsusi coşqu yaradıb. Bu cür xüsusi formatda ilk dəfədir, baş tutan bu çıxışların təsirində çox güman ki, hələ uzun müddət qalacağıq! 
İndi isə sizə meydançanın ən əzmli və qətiyyətli olmaqla bərabər, həm də zərafət nümunəsi adlandıra biləcəyimiz gimnastlarını – çarpaz qarşılaşmaların qaliblərini təqdim edirik. Böyük fərdi gimnastlar arasında keçirilən yarışda Stiliana Nikolova (Bolqarıstan) qızıl, Sofiya Raffaeli (İtaliya) gümüş, Darya Atamanov (İsrail) bürünc medalın sahibi olub. Fəxri kürsünün sahibləri medal və hədiyyələrlə təltif olunublar. İlk üçlüklə bərabər ulduz onaltılığın digər nümayəndələri də pul mükafatına layiq görülüb. Millimizin üzvləri Ağamirova Zöhrə mübarizəni 1/4 final mərhələsində dayandıraraq 8-ci yer, Seyidzadə Kamilla isə 1/8 finala qədər gələrək 16-cı yerdə qərarlaşıb. Xatırladaq ki, ulduz gimnastımız Ağamirova Zöhrə böyük fərdi gimnastlar arasında top, lent və halqa proqramlarında finala vəsiqə qazanıb. Sabahkı həlledici mərhələdə gimnastımıza uğurlar arzulayırıq. 
Zəriflik mücəssəməsi olan gimnastların çıxışlarının illuziyasına qapılmaq üçün Avropa kubokunun son gününü qaçırmayın!