24 noyabr 2008
İtaliyanın Aretso şəhərində bədii gimnastika üzrə İtaliyanın klub çempionatının (A1 seriyası) 3-cü turu keçirilmişdir. Bu çempionatda Azərbaycan idmançıları Anna Qurbanova və Aliyə Qarayeva da iştirak edirlər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, Qurbanovanın komandası “Komense-1872” 91.075 xalla 7-ci yeri tutmuşdur. Anna ip (16.7) və topla (16.625) çıxış etmişdir. O, komandada ən yüksək nəticə göstərmiş, onun iplə çıxışının göstəriciləri isə bu növdə iştirak edənlər arasında ikinci ən yüksək nəticə olmuşdur. Yalnız “Fabriano” komandasından qazaxıstanlı Aliyə Yusupova daha yaxşı nəticə göstərmişdir.
Qarayevanın komandası “Ardor” 10-cu yeri tutmuşdur (87.675). Aliyə halqa ilə çıxış etmiş və hakimlərdən 16.2 xal alaraq, bu növdə üçüncü yeri tutmuşdur.
Bu mərhələdə birinci yeri 100.625 xalla “”Armonia” komandası tutmuşdur. Çempionatın final turu dekabrın 6-sı Folinyo şəhərində keçiriləcəkdir.
Yeri gəlmişkən, Anna Qurbanova İtaliyaya Tatarıstan paytaxtından gəlmişdir. Anna orada “Yoldız” beynəlxalq turnirində iştirak etmişdir. Kazan şəhərində o, ip, halqa, lent, həmçinin 2009-cu ildə gürzlərin yerinə gələcək topla yeni kompozisiya ilə çıxışlarını nümayiş etdirmişdir. Bu, nümunəvi çıxışlar olmuşdur, lakin buna baxmayaraq, gimnastımız mükafatlandırılmışdır. Qurbanova Avropa və dünya çempionatlarının, Dünya kuboku mərhələlərinin bürünc mükafatçısı və tanınmış gimnast kimi xüsüsi mükafata layiq görülmüşdür.
Bu həftə isə (28-30 noyabr) Xorvatiya paytaxtında Zeynəb Cavadlının iştirakı ilə digər beynəlxalq turnir keçiriləcəkdir.