10 oktyabr 2023
30 sentyabr – 8 oktyabr tarixlərində Belçikanın Antverpen şəhərində idman gimnastikası üzrə 52-ci dünya çempionatı keçirilib. Paris-2024-ə lisenziya xarakteri daşıyan yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri - Nikita Simonov, İvan Tixonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova təmsil ediblər. 73 ölkədən 400 idmançının iştirakı ilə keçirilən çempionatda komandamızın üzvlərindən ən yaxşı nəticəni Nikita Simonov göstərib. Təsnifat mərhələsində halqalar ilə hərəkətlərin icrasından 14.666 xal toplayan idmançımız həlledici mərhələdə də eyni xalla 5-ci olub. Təəssüf ki, bu nəticə gimnastımıza Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün yetərli olmayıb. İvan Tixonov çoxnövçülük proqramında təsnifat yarışlarının yekununa əsasən 80.630 xalla 32-ci pillədə qərarlaşıb.