İdman

gimnastikadan

başlayır

Dünya kubokundan daha bir “qızıl”

30 aprel 2023

Dünya kubokundan daha bir “qızıl”

Aprelin 27-dən 30-dək Misirin paytaxtı Qahirə şəhərində idman gimnastikası üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizi yığma komandamızın üzvləri kişilər arasında Nikita Simonov və İvan Tixonov, qadınlar arasında isə Nazənin Teymurova, Samirə Qəhrəmanova təmsil eidblər.
Ötən ay paytaxtımızda keçirilən Dünya kubokunun qızıl medalını qazanan Nikita Qahirə şəhərində də halqalar ilə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb (14.970 xal). Qələbəyə gedən yolda idmançımız italiyalı və ermənistanlı rəqiblərini geridə qoyub.
Komandamızın digər üzvü İvan Tixonov sərbəst hərəkətlərdə 11-ci, dəstəli atda 15-ci, turnikdə 26-cı nəticəni göstərib.
Qadınlar arasında ən yaxşı nəticəni sərbəst hərəkətlərdə Nazənin Teymurova nümayiş etdirib. Finala vəsiqə əldə edən idmançımız bu hərəkətlərin icrası üzrə yarışı 7-ci pillədə başa vurub. Gimnastımız dayaqlı tullanmada 9-cu, gimnastika tirində 11-ci, müxtəlif hündürlüklü qollarda 33-cü yerdə qərarlaşıb. Samirə Qəhrəmanova isə gimnastika tirində 26-cı olub.