İdman

gimnastikadan

başlayır

Əməkdar İdman Xadimin 75 illik yubileyi

13 yanvar 2017

Əməkdar İdman Xadimin 75 illik yubileyi

Bu gün, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında, həmin təhsil ocağının “Gimnastika nəzəriyyəsi və metodikası” kafedrasının müdiri,  professor Elşad Nərimanovun 75 illik yubileyi və idman fəaliyyətinin 65 illiyinə həsr olunmuş tədbir keçirilib.

Kiçik yaşlarından gimnastikayla məşğul olmağa başlayan Elşad Nərimanov qardaşı mərhum Bəhram Nərimanovla bərabər kişi cütlüyündə bir çox yarışlarda mükafatçılar sırasında olmuşdur. O, ömrünün böyük hissəsini gimnastikaya həsr edərək, “İdman Ustası”, “Beynəlxalq Dərəcəli Hakim”, “Əmək Veteranı”, həmçinin “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” adlarına layiq görülmüş, müxtəlif fəxri fərmanlar və diplomlarla təltif olunmuşdur.

Artıq 20 ildən çox müddət ərzində İdman Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olan, eyni zamanda Gimnastika Federasiyasının Veteranlar Şurasının sədr müavini və gimnastika növləri üzrə Kompleksli Elmi Tədqiqat qrupunun rəhbəri vəzifələrini də layiqincə icra edən E. Nərimanov, federasiyanın  fəaliyyətində də hər zaman yaxından iştirak edir.

 

Azərbaycan Gimnastika Federasiyasının kollektivi Elşad Nərimanovu 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir.

Ona möhkəm can sağlığı, uzun ömür və işlərində yeni-yeni nailiyyətlər arzu edir.