18 sentyabr 2019
Bədii gimnastika üzrə Dünya Çempionatının keçirildiyi Milli Gimnastika Arenasında xeyriyyə məqsədilə hərrac təşkil edilib.
Çempionatın səfiri, məşhur keçmiş Rusiyalı gimnast Yana Batırşina 1997-ci ildə ona Avropa Çempionu adını qazandırmış lentini və elə həmin lentlə şəkli əks olunmuş köynəyini satışa çıxarıb.
Hərracda lent üçün ilkin satış qiyməti 100 avro müəyyən edilib. Son qiyməti isə Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının Baş məşqçisi Mariana Vasileva səsləndirib. O, alətə görə 2500 avro ödəyib, lakin lenti alan kimi öz sahibinə geri qaytarıb. Beləliklə, gözəl bir jest ilə Yana Batırşina ona Avropa Çempionatının yeganə qızıl medalını qazandıran dəyərli lentindən ayrılmayıb.
Köynək üçün ilkin satış qiyməti isə 10 manatdan başlayıb. Sonda köynəyi gənc gimnastlardan birinin anası 100 manat ödəyərək əldə edib.