İdman

gimnastikadan

başlayır

BEŞ AZƏRBAYCANLI HAKİM BEYNƏLXALQ DƏRƏCƏ ALMIŞLAR

10 dekabr 2008

BEŞ AZƏRBAYCANLI HAKİM BEYNƏLXALQ DƏRƏCƏ ALMIŞLAR

Bədii gimnastika üzrə beynəlxalq dərəcəli azərbaycanlı hakimlərin sayı artmışdır!

Onlar 5 nəfərdir və onların arasında həm Minskdə keçirilən seminarda öz brevelərini təsdiq etmiş Natalya Bulanova və Leyla Qəmbərova (müvafiq olaraq 2-ci və 3-cü dərəcə), və Moskvada keçirilən seminarda öz brevesini təsdiq etmiş Valentina Ukleina (2-ci dərəcə), və həm də yeni hakimlər, “Həmkarlar İttifaqları” idman cəmiyyətinin məşqçisi Nurlanə Əli-zadə və məşhur Azərbaycan gimnastı, hal-hazırda yığma komandanın məşqçisi olan Dinarə Gimatova vardır. Onların hər ikisi Moskvada keçirilən kursların nəticələrinə görə 4-cü breve almışlar.

Yeni hakimlərin sözlərinə görə, seminara beynəlxalq federasiyanın (FİG) üç eksperti rəhbərlik edirdi: Texniki komitənin rəhbəri Mariya Şişkovska (Polşa), onun müavini, rusiyalı Natalya Kuzmina və bu günlərdə Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti seçilmiş İrina Viner. “Hər üçü imtahanların gedişində göstərdiyimiz hazırlıq və bilik səviyyəmizi yüksək qiymətləndirdilər. Xüsusilə Viner keçmiş yetirməsi olan Dinarəni tərifləyərək qeyd etdi ki, “o, çox tez yüksək səviyyəli gimnastdan yaxşı hakimə çevrildi”, deyə N. Əli-zadə qeyd etmişdir.

Bununla əlaqədar olaraq, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, yeni olimpiya dövrü üçün breve dərəcəsi almış hakimlər 15-17 may 2009-cu ildə Bakıda keçiriləcək bədii gimnastika üzrə 25-ci Avropa çempionatının hakimlər briqadasında təmsil oluna bilərlər.

Gimatovanın komanda üzrə keçmiş rəfiqələrinə gəlincə isə, Anna Qurbanova və Aliyə Qarayeva İtaliya klub çempionatının A1 seriyasının son turunda çıxış etmişlər.

Qurbanovanın komandası “Komense-1872”, 92.8 xal yığaraq, nəticədə 6-cı yeri tutmuşdur. Anna halqa (16.35) və gürzlərlə (15.625) çıxış etmişdir. Onun ilk göstəricisi komandada yenidən ən yüksək nəticə olmuşdur.

Qarayevanın klubu “Ardor” 9-cu mövqedə (91.45) qərarlaşmışdır. Aliyə lent (15.65) və iplə çıxış etmiş, və hakimlərdən 17.275 xal alaraq, bu növdə birinci olmuşdur.

Çempionluğu isə iki komanda bölüşmüşdür: ukraynalı Anna Bessonovanın rəhbərlik etdiyi “Virtus”, və şərəfini rusiyalı Olqa Struçkovanın qoruduğu “Armonia”.

Bu həftəsonu ölkəmizin 5 gimnastı Rusiya və Ukraynada iki beynəlxalq turnirdə iştirak edəcəklər. Moskvaətrafı Dmitrov şəhərinə Ayşə Mustafayeva və Yuliya Syomuşkina (hər ikisi – 1996-cı il təvəllüdlü), Ləman Dadaşlı (1998) və Cənnət Məmmədova (1999), Dnepr sahillərinə isə Gülsüm Şəfizadə (1997) yollanacaqlar.