13 mart 2014
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan gimnastları bədii gimnastika üzrə 13-16 mart tarixlərində keçiriləcək Dünya Kubokunda iştirak etmək üçün Macarıstanın Debrecen şəhərinə yola düşüblər. Fərdi gimnastlar Marina Durunda və Nilufər Niftaliyeva - halqa, gürz, lent və topla çıxış edəcəklər.
Fransanın Tiye şəhərindən qızıl medalla qayıtmış böyüklərdən ibarət qrup komandamızın 3 top və 2 lent, bundan əlavə 10 gürzlə çıxış etməsi nəzərdə tutulur. Komandanın tərkibinə Səbinə Abbasova, Siyana Vasileva, Aynur Mustafayeva, Diana Doman, Aleksandra Platonova və Aliyə Paşayeva daxildirlər.
Milli yığma komandanın baş məşqçisi Mariana Vasileva Macarıstandakı Dünya Kuboku çərçivəsində təşkil ediləcək MTK Cup yarışında Jalə Piriyeva və Züleyxa İsmayılovanın halqa, gürz, lent və topla fərdi çıxış edəcəklərini bildirib.
13-16 mart tarixində Azərbaycan həm də Fransanın Kale şəhərində keçiriləcək Beynəlxalq Turnirdə təmsil olunacaq. Beyza Demir yeniyetmələr arasında 4 alət - halqa, gürz, lent və top – ilə çıxışa hazırlaşır. Gülsüm Şəfizadə, Ayşən Bayramova da halqa, gürz, lent və topla çıxışla, lakin böyüklər arasında mübarizəyə qoşulacaqlar.
Bu həftə idman gimnastikası üzrə idmançılarımız üçün də əlamətdar olacaqdır. Belə ki, Şakir Şıxəliyev, Uğur Xəlilbəyli, Marina Nekrasova və Yuliya İnşina 13-16 mart tarixində Dünya Kuboku mərhələsində B kateqoriyalı yarışlarda iştirak etmək üçün Almaniyanın Kottbus şəhərində səfərdədirlər.