İdman

gimnastikadan

başlayır

QARAYEVA VƏ QRUP KOMANDASI OLİMPİADANIN FİNALINDA!

22 avqust 2008

QARAYEVA VƏ QRUP KOMANDASI OLİMPİADANIN FİNALINDA!

 

Azərbaycan gimnastı Aliyə Qarayeva və ölkənin qrup komandası Pekindəki Olimpiya turnirinin final mərhələsinə vəsiqə qazanmışlar! Bu, bugünkü təsnifat yarışları başa çatdıqdan sonra məlum olmuşdur.

Azərbaycanın qrup komandasını xüsusi qeyd etmək istərdik, çünki onun Oyunların final mərhələsinə vəsiqə qazanması artıq uğur kimi qiymətləndirilir. Gimnastlar – Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina hər iki kompozisiyanı (3 halqa / 4 gürzlə - ritmli milli motivlərin, 5 iplə isə şən bolqar musiqisinin sədaları altında) gözəl bir tərzdə ifa etmiş və 31.45 xalla 12 komanda arasında 8-ci yer tutaraq finalda çıxış etmək hüququ qazanmışlar.

- Olimpiadada ilk çıxışımızın belə uğurlu olması bizim üçün çox sevindirici bir haldır. Qizlar çox çalışmışlar, məşqlər, təlim-məşq toplanışları – və nəticə də artıq göz qabağındadır! İspaniya, Yaponiya, Yunanıstan və Braziliyanın kollektivləri kimi güclü komandaları biz qabaqlaya bilmişik.

- Qrupumuzun hələ cəmi 4 il fəaliyyətdə olmasını və bu göstəriciyə görə digər komandalar arasında gənc olmasını nəzərə aldıqda, bu uğur bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu gün bütün Azərbaycan və ola bilsin mənim Bakıda çalışdığımı bilən Bolqarıstan əhalisinin yarısı bizə azarkeşlik etmişdir, - deyə, məşqçi Mariana Vasileva gülümsünür.

24 avqust Bakı vaxtı ilə səhər saat 8-də qrup komandaları arasında çoxnövçülüyün final mərhələsi başlanacaq. Həmin finalda həmçinin Belarus, Rusiya, Çin, İtaliya, Bolqarıstan, Ukrayna və İsrail yığma komandaları da çıxış edəcəklər.

İndividual gimnast Aliyə Qarayeva da Olimpiadanın finalçılar siyahısına öz adını daxil etdi. Təsnifat yarışlarında onun yekun xalı 69.2 xal təşkil etmişdir. Həmin nəticə ona 7-ci yeri tutmağı və finala vəsiqə qazanmağı imkan vermişdir.

Çox təəssüf ki, digər gimnastımız Dinarə Gimatovanın turnirin final mərhələsinə çıxmağı üçün 0.3 xalı çatmadı. O, 66.525 xalla 11-ci yerdə qərarlaşmışdır. Onu da qeyd edək ki, əgər hər hansı bir finalçı finalda çıxış etməkdən imtina etsə, Dinarə Gimatova finalda iştirak etmək imkanı əldə edəcəkdir. Təsnifat yarışlarında ən yaxşı nəticəni Rusiya gimnastı Yevgeniya Kanayeva göstərmişdir – 74.075 xal. Final yarışlarında həmçinin Olqa Kapranova (Rusiya), Anna Bessonova (Ukrayna), İnna Jukova (Belarus), Aliyə Yusupova (Qazaxıstan), Nataliya Qodunko (Ukrayna), İrina Risenzon (İsrail), Simona Peycheva (Bolqarıstan) və Almudena Sid (İspaniya) çıxış edəcəklər.

İndividual gimnastlar arasında çoxnövçülüyün final yarışları avqustun 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 15:00 başlanacaq.