İdman

gimnastikadan

başlayır

Gələcəyin gimnastika ulduzları Milli Gimnastika Arenasında

05 may 2022

Gələcəyin gimnastika ulduzları Milli Gimnastika Arenasında


Bu yaxınlarda bədii gimnastika üzrə dünya ulduzlarını qəbul edən Milli Gimnastika Arenası mayın 3 və 4-də öz qapılarını kiçik yaşlı gimnastlar üçün açdı.
Belə ki, iki gün ərzində keçirilən 27-ci Bakı birinciliyində 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast qüvvəsini sınadı.
Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə apardılar.   
Gimnastika növünün ən zərif nümayəndələrinin ikigünlük əsrarəngiz mübarizəsinin yekununda qeyd olunan yaş kateqoriyaları üzrə fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında paytaxtın ən güclüləri müəyyənləşdi.  

Yekun nəticəyə əsasən yarışın keçirildiyi yaş kateqoriyaları üzrə fərdi çıxışlar və qrup hərəkətləri proqramı üzrə ən yaxşı nəticə göstərmiş komandalar ümumi hesabda kuboka layiq görüldülər.  
“Ocaq Sport” klubunun gimnastları birinci, Bakı Gimnastika Məktəbinin təmsilçiləri ikinci, “Qrasiya” klubunun üzvləri isə üçüncü oldular.  
Aprelin 22-dən 24-dək Milli Gimnastika Arenasında gimnastlarımızı böyük coşqu ilə dəstəkləyən azarkeşlər, kiçik yaşlı idmançılarımızın da görüşünə eyni həyəcanla gəlmişdilər.
Tamaşaçıların alqış sədaları altında xalça üzərində biri-birindən maraqlı çıxışlarını nümayiş etdirmək, gələcəyin gimnastika ulduzları üçün həm qürur hissi yaşatdı, həm sevinc bəxş etdi, həm də böyük stimul verdi.

Yarışların bütün qalib və mükafatçıları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Yarışın yekun nəticələri ilə agf.az saytından tanış ola bilərsiniz.