İdman

gimnastikadan

başlayır

Gənc batutçu və tamblinqçilərin dünya birinciliyinə 1 gün qaldı

24 noyabr 2021

Gənc batutçu və tamblinqçilərin dünya birinciliyinə 1 gün qaldı

Batut gimnastikası üzrə 35-ci Dünya Çempionatının dərhal ardınca Milli Gimnastika Arenası 28-ci Dünya Yaş Qrupları Yarışlarının iştirakçılarını qonaq edir.

Yeniyetmə və gənc gimnastların səbirsizliklə gözlədikləri bu yarış 25-28 noyabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, bu növ üzrə Dünya Yaş Qrupları Yarışları ölkəmizdə ilk dəfə keçirilir.

Dörd gün davam edəcək yarışda 32 ölkədən 650 gimnastın çıxış edəcəyi gözlənilir. Ümumilikdə isə nümayəndə heyətlərinin tərkibində bu yarış üçün Bakıya 1000-dən çox insan səfər edib.

Çempionatda 11-12, 13-14, 15-16 və 17-21 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar. Gimnastlar yarışların hər dörd günündə həm təsnifat, həm də final mərhələsində yarışaraq öz aralarında finalçıları müəyyənləşdirəcəklər.

Azərbaycanı bu yarışlarda batut üzərində Selcan Mahsudova (17-21 y.ş.), Dünya Yaş Qrupları və Avropa çempionatının mükafatçısı Maqsud Mahsudov (13-14 y.ş.), Ammar Baxşəliyev (11-12 y.ş.), İbrahim Musatafazadə (11-12 y.ş.), Mehdi Əliyev (13-14 y.ş.), Nicat Mirzəyev (13-14 y.ş.), Əli Niftəliyev (13-14 y.ş.), Şəfiqə Hümbətova (13-14 y.ş.), Səma Cəfərova (11-12 y.ş.) təmsil edəcək. Tamblinq yarışlarında isə Avropa Çempionatının komanda hesabında bürünc medalçıları Tofiq Əliyev (17-21 y.ş.), Adil Hacızadə (15-16 y.ş.), Bilal Qurbanov (15-16 y.ş.), Hüseyn Əsədullayev (15-16 y.ş.), eləcə də Dünya Yaş Qruplarının 11-12 yaş kateqoriyasında qalibi Aleksey Karataşov (13-14 y.ş.) və Elnur Məmmədov (15-16 y.ş.) mübarizə aparacaq.

Onu da qeyd edək ki, mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq, Yaş Qrupları Yarışları da tamaşaçı iştirakı olmadan keçiriləcək.

Buna baxmayaraq, gimnastika sevərlər bu yarışın həm təsnifat, həm də final mərhələlərini gymtv.online internet səhifəsi vasitəsilə canlı izləmək imkanı əldə edəcəklər. Gimnastların çıxışlarından dərhal sonra verilən xalları haqda məlumatı isə https://www.smartscoring.com/az/  səhifəsindən ala bilərsiniz.