İdman

gimnastikadan

başlayır

Gəncədə balaca gimnastların zəriflik və ustalıq yarışı

22 noyabr 2026

Gəncədə balaca gimnastların zəriflik və ustalıq yarışı

Noyabrın 21-də Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə açıq region birinciliyi keçirilib.
Yarışda Gəncə, Şəmkir, Goranboy və Tərtərdən olan balaca gimnastlar iştirak ediblər. 2015–2020-ci il təvəllüdlü iştirakçılar müxtəlif yaş kateqoriyalarında alətsiz, halqa və top proqramları üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Gimnastlar çıxışları zamanı zəriflik, çeviklik və koordinasiya bacarıqlarını nümayiş etdirərək fəxri kürsüdə yer almaq uğrunda mübarizə aparıblar. Yarışın nəticələrinə əsasən, 2020-ci il təvəllüdlü gimnastlar arasında Əsmər Məmmədova birinci, Narin Səlimova ikinci, Ayan Qulubəyli isə üçüncü yerə layiq görülüb. 2019-cu il təvəllüdlülər arasında Aysun Rüstəmova qızıl, Siyasət Məmmədova gümüş, Dəniz İsmayılova isə bürünc medal qazanıb. 2018-ci il təvəllüdlü gimnastların mübarizəsində Həcər Abbaszadə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Əsma İsmayıl ikinci, Emili Əminova isə üçüncü yeri tutub. 2017-ci il təvəllüdlülər arasında Nigar Orucova birinci, Büşra Quliyeva ikinci, Şəmkir təmsilçisi Simay Ələkbərova isə üçüncü pillədə qərarlaşıb. 2015-ci il təvəllüdlü gimnastların yarışında Şəmkir təmsilçisi Dilbər Verdiyeva qızıl medala sahib olub. Gəncə təmsilçisi Turanə Məmmədova gümüş, Goranboy təmsilçisi Mələk Yusifova isə bürünc medal əldə edib. Birinciliyin sonunda qaliblər və mükafatçılar təltif olunublar.
Gəncə Olimpiya İdman Kompleksində bir araya gələn balaca gimnastlar üçün bu birincilik həm də yeni təcrübə və unudulmaz yarış anları ilə yadda qalıb.
İlk həyəcanlarını, sevinclərini və uğurlarını bölüşən iştirakçılar nümayiş etdirdikləri çıxışlarla gimnastikaya olan maraq və həvəslərini ortaya qoyublar.