26 sentyabr 2022
Sentyabrın 23-dən 25-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində gimnastika hamı üçün növü üzrə Tbilisi Gimnastradası keçirilib. Yarışda ölkəmizi Zirə “Eko Park”, “Ay işığı” və “Alov” komandalarının tərkibində 40 idmançı təmsil edib. 14 komandanın iştirakı ilə keçirilən Gimnastradada hər üç komandamız uğurla çıxış edərək birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan gimnastlarının 2015-ci ildə Helsinkidə (Finlandiya) keçirilən 15-ci Ümumdünya Gimnastradasına qatılması ilə ölkəmizdə rəsmi olaraq gimnastika hamı üçün növünün əsası qoyulub.
Dünyada böyük populyarlığa malik bu növ ilə yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər.
Xatırladaq ki, təmsilçilərimiz bu il keçirilən yarışlarda da uğurla çıxış ediblər. Belə ki, iyulun 10-14-də İsveçrənin Nevşatel şəhərində keçirilən “European Gym for Life Challenge” festivalında Azərbaycanın “Ay işığı” komandası gümüş medala layiq görülüb.