İdman

gimnastikadan

başlayır

Gimnastlar "Əməkdar idman ustası” adına layiq görüldü 

16 yanvar 2021

Gimnastlar

İdmançı karyeraları ərzində göstərdikləri nəticələrə görə bədii gimnastikanın 4 nümayəndəsi - Siyana Vasileva, Aliyə Paşayeva, Anastasiya Prasolova, Səbinə Hacıyeva “Əməkdar İdman ustası” adına layiq görülüblər. 

Siyana Vasileva və Aliyə Paşayeva qrup hərəkətləri komandası tərkibində Avropa Çempionatlarının gümüş (Bakı / Azərbaycan / 2014) və bürünc (Qvadalaxara / İspaniya / 2018) mükafatçıları olmuşlar. Aliyə Paşayeva, həmçinin 2019-cu ildə Bakıda keçirilmiş Dünya Çempionatında çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazanan qrup hərəkətləri komandasının tərkibinə daxil olmuşdur.

Gənclər arasında Avropa Çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçısı olmuş Səbinə Hacıyeva (Abbasova), artıq 2014-cü ildə Bakıda keçirilmiş Avropa Çempionatında böyüklər proqramında da (3 top və 2 lent) gümüş medalını təsdiqləmişdir.

Anastasiya Prasolova Azərbaycanın bədii gimnastika tarixində ilk dəfə olaraq ölkəmizi Olimpiya Oyunlarında (Pekin-2008) təmsil etmiş və çoxnövçülük finalında 7-ci yerdə qərarlaşmış qrup hərəkətləri komandasının üzvü olmuşdur.

İdmançı kimi göstərdikləri nailiyyətlərinə görə “Əməkdar idman ustası” adına layiq görülmüş hazırkı məşqçilərimiz artıq yetirmələrinə sərf etdikləri əməyin bəhrəsini görməkdədirlər. Belə ki, Anastasiya Prasolovanın yetirməsi Bakı 2015 Avropa Oyunlarında gümüş və 2015-ci ilin Avropa Çempionatında bürünc medal əldə edib. 2020-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilmiş Avropa Çempionatında isə gümüş və bürünc mükafata layiq görülmüş qrup hərəkətləri komandasının məşqçilərindən biri Siyana Vasileva olmuşdur. Aliyə Paşayeva Bakı Gimnastika Məktəbində, Səbinə Hacıyeva isə Milli Gimnastika Arenasında yığma komandaya hazırlıq qrupunda olan gənc gimnastların yetişdirilməsində xidmət edirlər. 

Keçmiş gimnastlarımızı bu fəxri ada layiq görülmələri münasibətilə təbrik edir, bədii gimnastikanın inkişafı istiqamətində göstərdikləri məşqçilik fəaliyyətində onlara uğurlar arzu edirik!