28 dekabr 2023
Dekabrın 27-si Azərbaycan Gimnastika Federasiyası Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində ənənəvi Yeni il şousu təşkil etdi.
Hər kəsin, xüsusən də uşaqların səbirsizliklə gözlədiyi budəfəki şou “Oyuncaqların sərgüzəştləri” adlanırdı.
Şounu Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev də izləyirdi.
Bu dəfə Milli Gimnastika Arenası sözün əsl mənasında sehrlər aləmini xatırladırdı. Xüsusi zövqlə bəzədilən və tamaşaçıların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdı.
Şounun sujet xətti AGF-nin xoreoqrafları Kamil Quliyev və Akif Kərimlinin rəhbərliyi ilə tanınmış cizgi filmlərinin qəhrəmanlarının əsasında qurulmuşdu. Gimnastlarla cizgi filmi qəhrəmanlarının bir araya gəldiyi şounun aktyorları gimnastika növləri üzrə yığma komandaların üzvləri, məşqçi və xoreoqrafları idi.
Şounu izləyənlər həqiqətən də macəralar dünyasına səyahət etdilər.
Bədii gimnastika, qadın və kişi idman gimnastikası, akrobatika gimnastikası, aerobika gimnastikası, gimnastika hamı üçün, “TeamGym” üzrə yığma komandaların üzvləri və klub təmsilçiləri də daxil olmaqla 100-dən çox gimnastın təqdim etdiyi maraqlı kompozisiya tamaşaçıların yaddaşında uzun müddət silinməyəcək izlər buraxdı.
Gimnastlar öz idmançı və eyni zamanda aktyorluq bacarıqları ilə ifa etdikləri rollarının öhdəsindən layiqincə gələrək, şou izləyicilərinə həyəcanlı anlar yaşatdılar.
Böyük maraqla qarşılanan şouda rəngarəng işıq, səs və qrafik effektlərdən, eləcə də xüsusi geyimlərdən istifadə olunmuşdu.
Şouya ilk öncə gimnastika üzrə xüsusi olimpiyaçıların nümunəvi çıxışları ilə start verildi. Berlində keçirilən Ümumdünya Xüsusi Olimpiya Yay Oyunlarının “qızıl” və “bürünc” mükafatçısı Mehriban Tağıyeva (bədii gimnast), o cümlədən xüsusi olimpiyaçı Fərid Ociyev, eləcə də gimnastlardan ibarət xüsusi olimpiya komandası maraqlı çıxış proqramı nümayiş etdirdi.
Hava gimnastikası üzrə təmsilçimiz Səbinə Məmmədova da maraqlı, füsunkar çıxışı ilə tamaşaçıları heyran qoydu.
Daha sonra tamaşaçılar “The Walt Disney” animasiya şirkətinin qəhrəmanları arasında baş verən macəralardan ibarət sərgüzəştləri izlədilər. Şouda izləyicilər oyuncaqların Yeni il bayramına hazırlıq prosesinin, daha sonra isə şam ağacını bəzəyən ulduzun oğurlanması ilə birlikdə müsbət və mənfi obrazlar arasında baş verən mübarizənin şahidi oldular. Sonda isə müsbət və mənfi personajlar narazılığa son qoyaraq, bu gözəl bayramı birlikdə qeyd etdilər.
“Oyuncaqların sərgüzəştləri” adlı əyləncəli şouya ən çox sevinən isə yeni ilin gəlişini təntənəli və rəngarəng qeyd etmək üçün zala toplaşan uşaqlar idi. Ən məşhur cizgi filmlərinin qəhrəmanlarını eyni anda bir arada görmək, əsrarəngiz musiqi sədaları altında onların çıxışlarına tamaşa etmək, zaldan kənarda onları əyləndirən şaxta baba və qar qız, klounlar, sürprizlər və hədiyyələr kiçikyaşlı izləyicilərin sevincini daha da artırırdı. Müxtəlif yaş qruplarından olan tamaşaçıların səhnədə baş verənlərdən məmnunluğunu, möcüzələrdən heyrətlənən uşaqların alqışları və emosiyalarından görmək mümkün idi.
Şouda artıq bir neçə ildir ki, idmançı kimi karyeralarını başa vurmuş ölkəmizin tanınmış bədii gimnastları maraqlı çıxış təqdim etdilər. Müxtəlif mötəbər yarışlarda ölkəmizin bayrağını dalğalandırmış zərif gimnastlarımız, bədii gimnastika üzrə böyüklər arasında Avropa çempionatının gümüş və bürünc medalçısı Siyana Vasileva, Avropa çempionatının gümüş və bürünc medalçısı, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanan qrup komandasının üzvü Diana Əhmədbəyli, Avropa çempionatının bürünc medalçısı, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanan qrup komandasının üzvü Ayşən Bayramova, Avropa çempionatının gümüş və bürünc medalçısı, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanan qrup komandasının üzvü Aliyə Paşayeva möhtəşəm Yeni il tədbirində idmançı karyeraları ilə rəsmən vidalaşdılar.
Qızlar isə öz növbəsində ölkəmizi mötəbər arenalarda təmsil etməkdən hədsiz qürur duyduqlarını idmançı karyeraları ərzində keçirdikləri günlərin unudulmaz olduğunu dilə gətirdilər. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən gimnastlara “gimnastikanın inkişafına idmançı kimi verdikləri töhfəyə görə” xatirə plaketi təqdim olundu.
Şouda həmçinin ilk dəfə 2023-cü ildə müxtəlif gimnastika növləri üzrə Avropa və dünya çempionatlarında 10 qızıl medal qazanan gimnastlarımızdan bəhs edən “Qızıl onluq” adlı videoçarx nümayiş olundu. Bu videoda təmsilçilərimiz çempionluğa gedən yolda çətinlikləri dəf etmək üçün onlardan hansı keyfiyyətlər tələb olunduğunu səsləndirdilər.
Bununla da tamaşaçılara parlaq emosiyalar, təbəssüm və yeni il əhval-ruhiyyəsi bəxş edən möhtəşəm şouya yekun vuruldu.
İnsanlar adətən, bu bayramı ailə üzvləri, doğmaları, ən yaxınları ilə qeyd edirlər. Biz də bu Yeni il bayramını böyük, doğma gimnastika ailəsi olaraq bərabər qeyd etdik.
Bu şou bir daha göstərdi ki, idmanda əsas məqam yalnız güc deyil, birlik və dostluqdur.