İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər

05 noyabr 2026

Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər

4–8 noyabr tarixlərində Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdirirlər.
Dünyanın müxtəlif ölkələrindən güclü gimnastların bir araya gəldiyi çempionatın ikinci yarış günündə batut gimnastikası üzrə fərdi proqramda ilk təsnifat mərhələsi baş tutub.
Ölkəmizi təmsil edən Selcan Mahsudova və Maqsud Mahsudov uğurlu çıxışları ilə növbəti mərhələyə vəsiqə qazanıblar. Selcan Mahsudova 56.390, Maqsud Mahsudov isə 62.180 xal toplayaraq yarımfinala yüksəliblər. Qeyd edək ki, bacı-qardaş çempionatın ilk yarış günündə qarışıq sinxron proqramda da növbəti mərhələyə keçməyi bacarıblar.
Qeyd edək ki, Maqsud Mahsudov böyüklər yaş kateqoriyasında Dünya çempionatında ilk dəfə həm fərdi, həm də kişi sinxron proqramında mübarizə aparır.
Noyabrın 6-da gimnastlarımızı növbəti mühüm mübarizə gözləyir. Batut gimnastikası üzrə kişilərin sinxron proqramında təsnifat və yarımfinal mərhələsi, qarışıq sinxron proqramda yarımfinal, tamblinq üzrə fərdi proqramda ikinci təsnifat mərhələsi, komanda hesabında isə final yarışları keçiriləcək.
Dünya çempionatında medallar uğrunda mübarizəni davam etdirən gimnastlarımız qarşıdakı çıxışlarda da yüksək nəticələr əldə etməyi hədəfləyirlər.