İdman
gimnastikadan
başlayır
22 noyabr 2026
16–22 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Velvet Road” beynəlxalq turnirində iştirak edən Azərbaycan gimnastları uğurlu nəticələrə imza atıblar.
İdman gimnastikası üzrə təmsilçilərimiz turnirdə ümumilikdə 4 qızıl, 3 gümüş və 8 bürünc medal əldə ediblər.
Kişi idman gimnastikası üzrə yarışlarda Rəsul Əhmədzadə dəstəli atda gümüş medalın sahibi olub.
Qadın idman gimnastikası üzrə yarışlarda isə gimnastlarımız həm fərdi, həm də komanda hesabında fərqləniblər.
Dəniz Əliyeva, Nazənin Teymurova və Aynaz Məcidzadədən ibarət komandamız çoxnövçülük üzrə qızıl medal qazanıb.
Fərdi çoxnövçülük proqramında Dəniz Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib, Nazənin Teymurova isə bürünc medala layiq görülüb. Gənclər arasında çoxnövçülük yarışında Lalə Zamanlı gümüş medal əldə edib.
Ayrı-ayrı alətlər üzrə final mərhələlərində də gimnastlarımız uğurlu çıxışlarını davam etdiriblər. Dəniz Əliyeva müxtəlif hündürlüklü qollarda qızıl, dayaqlı tullanmada, eləcə də tir üzərində hərəkətlərdə bürünc medal qazanıb.
Nazənin Teymurova tir üzərində hərəkətlərdə qızıl, dayaqlı tullanmada gümüş, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlərdə isə bürünc medala sahib olub.
Gənclər yaş kateqoriyasında çıxış edən Aynaz Məcidzadə dayaqlı tullanmada, Albina Əliyeva isə sərbəst hərəkətlərdə üçüncü yeri tutublar. Eyni yaş kateqoriyasında Leyla Məmmədzadə müxtəlif hündürlüklü qollarda bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan gimnastları “Velvet Road” beynəlxalq turnirini 15 medalla başa vuraraq beynəlxalq arenada növbəti uğura imza atıblar.