İdman

gimnastikadan

başlayır

Güclü rəqabət, həyəcan və Azərbaycan himni 

25 aprel 2022

Güclü rəqabət, həyəcan və Azərbaycan himni 

Dünya kubokunun sonuncu günü Milli Gimnastika Arenasında daha bir qürurverici an yaşandı. Dünənki çoxnövçülük yarışlarında gümüş medal qazanan qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri, bu gün 5 halqa ilə hərəkətlərin icrasına görə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində yer almağa müvəffəq oldular. Hakimlərdən 32.850 xal alan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət millimizin üzvləri bir sıra güclü gimnastika ölkələrinin komandalarını geridə qoyaraq doğma divarlar arasında bayrağımızı yüksəltdilər, himnimizi səsləndirdilər. Dövlət himnimiz səslənərkən Milli Gimnastika Arenasında duyğulu anlar yaşandı. Belə ki, himnimiz bitdikdən sonra, zalda əyləşən bütün azarkeşlər fəxri kürsüdə dayanan gimnastlarımızla birgə Azərbaycan himnini sonadək uca səslə ifa etdilər. 
İdmançılarımız bu gün 3 lent və 2 topla keçirilən final yarışlarını 5-ci pillədə başa vurdular. Yarışda fərdi növdə ayrı-ayrı alətlər üzrə də qaliblər müəyyənləşdi. 
Fərdi proqramda ölkəmizi təmsil edən gənclər arasında dünya çempionatının gümüş və bürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı Arzu Cəlilova halqa ilə (29.800 xal) 4-cü, topla (30.100 xal) 5-ci, lentlə hərəkətlərdə isə 6-cı (27.400 xal) pillədə qərarlaşdı. 
Fərdi proqramda çıxış edən daha bir gimnastımız, 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova finalda halqa (29.350 xal) və gürzlərlə (28.250) hərəkətlərdə 6-cı oldu.   
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olundu. Fərdi növdə Azərbaycan milli komandasının üzvü Arzu Cəlilova, qrup komandaları arasında isə İtaliya yığması “AGF Trophy” Kubokuna sahib çıxdı. 
Bununla da paytaxtımız 2022-ci ildə gimnastika növləri üzrə 5-ci beynəlxalq səviyyəli yarışa uğurla ev sahibliyi etdi. Azarkeşlərin gur alqışları, hərarətli dəstəyi ilə 31 ölkədən 126 gimnastın iştirakı ilə keçirilən Dünya kuboku tamaşaçılara maraqlı anlar yaşatdı və ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan 9-cu Dünya kuboku kimi tarixə yazıldı. 
Yarışların bütün qalib və mükafatçıları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğururlar arzulayırıq.
Yarışın yekun nəticələri ilə agf.az saytından tanış ola bilərsiniz.