18 iyun 2008
Pekində keçiriləcək Olimpiya oyunlarına hazırlıq məqsədi ilə, Azərbaycan gimnastları Aliyə Qarayeva, Dinarə Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı hal-hazırda Xorvatiyada təlim-məşq toplanışlarında iştirak edirlər. Xatırladaq ki, Qarayevə və Gimatova Çində keçiriləcək Olimpiya Oyunlarına vəsiqə sahibidirlər. Qurbanova və Cavadlı isə rəsmi olaraq həmin oyunlarda iki ehtiyatda olan gimnast kimi təsdiqlənmişlər.
11 iyula kimi davam edəcək məşqlər Dubrovnikdə - “Adriatikanın incisi” adlandırılan Xorvatiyanın ən əzəmətli və gözəl şəhərində keçiriləcək. O, həmçinin, Venesiya və Amsterdamla yanaşı, YUNESKO tərəfindən Avropanın Dirçəliş dövrünün ən gözəl şəhər-abidələrinin üçlüyünə daxil edilmişdir.
Komanda məşqçilərinin dediklərinə görə, toplanışlarda əsas diqqət gimnastların Olimpiya proqramının təkmilləşdirilməsinə yetiriləcək. “Bu təlimlər Rusiya gimnastları ilə birgə keçiriləcək, burada həm məşqlər, həm də yoxlama görüşlərinin keçirilməsi nəzərdə tutulur”, - deyə, məşqçilər bildirmişlər.
Lakin Anna Qurbanova Xorvatiyadakı toplanışlar zamanı kiçik bir fasilə edəcək. İş ondadır ki, o, və daha bir yunior Səidə Abdullayeva (1993-cü il təvəllüdlü) “Trofeo Kariprato” adlı beynəlxalq turnirin iştirakçıları olacaqlar. Həmin yarışlar İtaliyanın Prato şəhərində 20-22 iyun tarixlərində keçiriləcək.
Olimpiya Oyunlarının astanasında Azərbaycanın qrup hərəkətləri üzrə komandası da təlim-məşq toplanışlarındadır. Qrupun beş əsas üzvü (Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolova), habelə ehtiyatda olan iki gimnast (Dina Qorina və Leyla Şamilova) iyul ayının sonunadək Bolqarıstanda məşq edəcəklər.
Kollektivin məşqçisi Mariana Vasilevanın verdiyi məlumata əsasən, olimpiyaqabağı məşqlər Sofiyada bütün dünyada məşhur olan “Levski” klubunda keçiriləcək. “3 halqa/4 gürzlə hərəkətlər tamamilə yeni olacaq, onları biz öyrənəcəyik və məşq etdirəcəyik. Bu hərəkətləri biz zəif olduqlarına görə yenidən nəzərdən keçirmirik, sadəcə bunu etməyin vaxtıdır. Bu yaxınlarda Turində təqdim olunmuş 5 iplə kompozisiyaya gəlincə isə, əlbəttə burada elə ayrı-ayrı yerlər var ki, onların üzərində işləmək lazımdır. Mən əminəm ki, bizim yeni hərəkətlərimiz Pekində heç kəsi biganə qoymayacaq”, - deyə, o, bildirdi.
Bolqarıstana, həmçinin, Azərbaycanın gənc gimnastlardan ibarət kvarteti, lakin Sofiyadakı toplanışlara deyil, Tarqovişte şəhərində 21-22 iyun tarixlərində keçiriləcək “Alegro Cup” yarışlarında iştirak etmək üçün yola düşəcəklər. Bunlar Bahar Əsgərova (1997-ci il təvəllüdlü), Aynur Mustafayeva (1998), Nahidə Əhmədli (1999) və Ləman Göyüşovadır (2000).