15 yanvar 2013
Beynəlxalq Gimnastika Federasiyası Akademiyası (FIG) Azərbaycanda ilk dəfə məşqçilər üçün birinci səviyyəli kurslar keçirir.
Bu gün Bakıda Akademiyanın üç eksperti - kursların rəhbəri Nota Klentrou (Kanada), Nadya Aleksandrova (Böyük Britaniya) və Helena Diaş (Portuqaliya) 17 iştirakçı üçün seminara başlayıblar.
"Akademiyada üç səviyyə üzrə məşqçilik kursları var. Hazırda keçirilən kurslar birinci səviyyə üçün nəzərdə tutulub. Kursların məqsədi tədris metodikasının səviyyəsini dünya standartları səviyyəsinə çatdırmaqdır", açılışda N. Klentrou bildirib.
Onun sözlərinə görə, Azərbaycanda artıq Akademiyanın kurslarının müxtəlif səviyyələrini uğurla keçən məşqçilər var. Onlar Azərbaycan milli yığmasının məşqçilərindən biri olan Natalya Bulanova (3-cü kateqoriya), Bakıdakı bazada komandanın baş məşqçisinə yardım edən Anastasiya Prasolova (1-ci kateqoriya) və Qusarda bədii gimnastika bölməsinə rəhbərlik edən Kamilla Məmmədovadır (1-ci kateqoriya).
Kanadalı ekspertin fikrincə, Azərbaycanda bədii gimnastika idman növü artıq kifayət qədər inkişaf edib. Bir həftə ərzində Bakıda keçiriləcək bu kurslar məşqçilik təcrübəsi az olan və yaxud gimnast idman karyerasını başa vuraraq məşqçilik etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Kursların yekunu olaraq yanvarın 20-21-də praktiki və nəzəri imtahanlar keçiriləcək. İmtahandan müvəffəqiyyətlə keçən məşqçilərə beynəlxalq dərəcəli məşqçi sertifikatı veriləcək.