İdman

gimnastikadan

başlayır

2024-cü ilin yekunları

31 dekabr 2024

2024-cü ilin yekunları

2024-cü il Azərbaycan gimnastikası üçün yaddaqalan oldu. İdmançılarımız həm yerli, həm də beynəlxalq arenada uğurla çıxış etdilər. İlin əsas hadisəsi, şübhəsiz ki, Parisdə keçirilən Yay Olimpiya Oyunları oldu. Oyunlarda ölkəmizi bədii gimnastika üzrə qrup hərəkətləri komandası və fərdi proqramda iştirak edən Zöhrə Ağamirova və batut gimnastikası üzrə Selcan Mahsudova təmsil etdilər. Finala vəsiqə qazanan qrup hərəkətləri komandası - Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Zeynəb Hümmətova baş məşqçi Siyana Vasilevanın rəhbərliyi ilə Azərbaycanın bu sahədə tarixdə ən yüksək nəticəsini göstərərək beşinci yeri tutdu. Fərdi yarışlarda isə Zöhrə Ağamirova çıxış etdi. Bu, onun idman karyerasında ikinci olimpiadası idi. Tarixdə ilk dəfə Azərbaycan idmançıları Olimpiya Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlarda təmsil olundu. Bu, ölkəmiz üçün cəmi 10 il əvvəl inkişaf etməyə başlamış nisbətən yeni bir idman növüdür. Selcan Mahsudovanın bu yarışda iştirakı ölkə idmanı üçün böyük nailiyyətdir.
Yay Olimpiya Oyunlarına qədər müxtəlif beynəlxalq yarışlar təşkil olunmuşdu. Bəzi yarışlar lisenziya xarakterli, digərləri isə qarşıdakı böyük yarışlara, o cümlədən Olimpiadaya hazırlıq məqsədi daşıyırdı. Bu yarışların bir qismi ənənəvi olaraq Milli Gimnastika Arenasında baş tutdu. Fevral ayında Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirildi. Batut gimnastikası üzrə keçirilən Dünya Kuboku Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. Beynəlxalq yarışların dəfələrlə qalibi olan Mixail Malkin akrobatika cığırında (tamblinq) qızıl medal qazandı, onun komanda yoldaşı Adil Hacızadə isə gümüş medalın sahibi oldu. Ümumilikdə, bu turnirdə 32 ölkədən 300 idmançı iştirak etdi.
Mart ayında idman gimnastikası üzrə iki turnir keçirildi - FIG Dünya Kuboku və "AGF Trophy" beynəlxalq turniri. FIG Dünya Kuboku, həmçinin Paris Olimpiya Oyunlarına lisenziya xarakterli idi. Turnirin təsnifat mərhələsində ən yüksək xal toplayan Azərbaycan idmançısı İvan Tixonov "AGF Trophy" mükafatına layiq görüldü. "AGF Trophy" beynəlxalq turniri isə idmançılarımız üçün daha uğurlu oldu. Böyüklər kateqoriyasında 6 qızıl, 3 gümüş və 2 bürünc medal, gənclər kateqoriyasında 1 qızıl, 2 gümüş və 3 bürünc medal, yeniyetmələr kateqoriyasında isə 4 qızıl medal qazanıldı. Gimnastımız Nikita Simonov üçün bu turnir Rimini şəhərində keçiriləcək Avropa Çempionatına hazırlıq oldu və o, nəhayət, Ruslan İrqaşevin rəhbərliyi ilə halqalar üzrə gümüş medal qazandı. Qeyd edək ki, bu il Simonov sevimli proqramında Macarıstanın Sombatxey şəhərində FIG İdman Gimnastikası üzrə Dünya Kuboku (Challenge seriyası) çərçivəsində qalib oldu.
Aprelin əvvəlində Portuqaliyanın Gimarayeş şəhərində qazanılan uğurlar yadda qaldı. Tamblinq üzrə idmançılarımız Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında Avropa Çempionatının qızıl medalını qazandılar. Dünya Çempionatındakı qələbədən sonra, onlar Avropada da ən yaxşılar oldular. Bundan əlavə, fərdi yarışlarda Tofiq Əliyev gümüş medal qazandı.
Portuqaliyada keçirilən Avropa Çempionatında batut gimnastikası təmsilçilərimiz də çıxış etdilər. Azərbaycanlı gənclər Əli Niftəliyev və Ammar Baxşalıyev sinxron proqramda qızıl medal qazandılar. Gənc qızlarımızın sinxron proqramında isə Samirə Hüseynova və Ayan Şabanova gümüş medalın sahibi oldular. Bu yarış zamanı 2023-cü ilin ən yaxşı gimnastı və məşqçisi mükafatlarının təqdimetmə mərasimi də keçirildi. Mükafatlar Azərbaycan təmsilçiləri Mixail Malkin və milli komandanın baş məşqçisi Adil Hüseyn-zadəyə təqdim edildi.
Daha sonra Milli Gimnastika Arenası bədii gimnastika üzrə FIG Dünya Kubokuna ev sahibliyi etdi. Bu turnir qarşıdakı ən böyük yarışlara hazırlıq üçün yaxşı bir mərhələ oldu. 41 ölkədən iştirakçıların qatıldığı turnirdə Azərbaycan təmsilçiləri iki mükafat qazandılar. Qrup hərəkətləri komandası beş halqa ilə hərəkətlərdə və çoxnövçülükdə bürünc mükafata layiq görüldü.
May ayında da bədii gimnastika üzrə yarışlar davam etdi. Bakıda ilk dəfə Avropa Kuboku keçirildi. Milli Gimnastika Arenasında təşkil olunan turnirdə 37 ölkədən 160 idmançı mübarizə apardı. Yarışların nəticələrinə əsasən qaliblər yalnız fərdi proqramda deyil, həm də komanda hesabında, çoxnövçülükdə və yeni sistem üzrə çarpaz qarşılaşmalar üzrə müəyyənləşdirildi. Qrup hərəkətləri proqramında Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda çoxnövçülükdə və üç lent, iki topla hərəkətlərdə bürünc medal qazandı.
Fərdi çıxışlarda gənc qızlar arasında İlahə Bahadirova top ilə hərəkətlərdə, Şəms Ağahüseynova isə lent ilə hərəkətlərdə ikinci yeri tutaraq gümüş medal qazandılar.
Budapeştdə keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında qrup hərəkətləri komandasının Olimpiya Oyunlarına lisenziya qazanmasıyla yanaşı, gənc gimnastlarımız da yaxşı nəticələr göstərdi. Onlar komanda hesabında bürünc medal qazandılar. Komandanın tərkibində Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadirova və Fidan Qurbanlı yer aldı. Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq Avropa Çempionatında ölkənin yığma komandasında "Zirə" klubunun gimnastı (Fidan Qurbanlı) iştirak etdi.
Yay mövsümünün ilk günlərində Bakının Dənizkənarı Milli Parkında “Gimnastika hamı üçün” növü üzrə ikinci beynəlxalq “Challenge” keçirildi. Tədbirə təxminən 800 iştirakçı qatıldı. Ümumilikdə 60 komanda iştirak etdi. Azərbaycan təmsilçiləri ilə yanaşı, Gürcüstan, Monqolustan və Sierra-Leone komandaları da öz çıxışlarını nümayiş etdirdilər.
Yay mövsümü Mixail Malkin üçün uğurlu oldu. O, öz ustalığını yüksək səviyyədə nümayiş etdirərək Portuqaliyanın Koimbra şəhərində keçirilən Dünya Kubokları seriyasının qalibi oldu. Dünya Kuboku seriyası akrobatika gimnastikası təmsilçiləri üçün də uğurla nəticələndi. Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü yarışın əsas kubokunu əldə etdi. Həmçinin qarışıq cütlük – Ağasif Rəhimov və Raziyə Seyidli də iki qızıl və bir gümüş medal qazanaraq öz rəqiblərini geridə qoydular. 
Onlar öz qalibiyyət ənənələrini payızda da davam etdirdilər və Portuqaliyanın Gimarayeş şəhərində keçirilən Dünya Çempionatında tarixi uğura imza atdılar. Bu şəhər yenə də gimnastlarımız üçün uğurlu oldu. Yazda burada batut gimnastikası və tamblinq üzrə təmsilçilər fərqləndilərsə, bu dəfə İradə Qurbanovanın yetirmələri parlaq nəticələr göstərdilər. Akrobatika gimnastikası komandası ümumilikdə 8 medal qazandı: 4 qızıl, 1 gümüş və 3 bürünc. Azərbaycan gimnastları tarixdə ilk dəfə komanda hesabında ikinci yeri tutdular. Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq və balans hərəkətlərində duet şəklində qızıl medal qazandılar, həmçinin temp hərəkətlərində bürünc medala sahib oldular. Oxşar nəticəni Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü də göstərdi. Onlar qarışıq cütlük və balans hərəkətlərində birinci, temp hərəkətlərində isə üçüncü yerin sahibi oldular.Tarixdə ilk dəfə Dünya Çempionatında bürünc medal qazanan kişi qrupunun temp hərəkətlərində də bürünc medalla mükafatlandırıldığını qeyd etmək lazımdır. Komanda Seymur Cəfərov, Rəsul Seyidli, Riyad Səfərov və Abdulla Əl-Məşayxidən ibarət idi.
Dünya Çempionatı, həmçinin 2025-ci ilin 7-17 avqust tarixlərində Çinin Çendu şəhərində keçiriləcək Dünya Oyunlarına lisenziya xarakteri daşıyırdı. Portuqaliyada yeniyetmə gimnastlar da uğurla çıxış etdilər. Yaş qrupları üzrə Dünya Yarışlarında və Yeniyetmələr arasında ilk Dünya Çempionatında qadın qrupu – Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidovadan ibarət  komanda iki qızıl medal qazandı. Onlar 13-19 yaş qrupu üzrə final yarışlarını qazanaraq yeniyetmələr arasında birinci yeri tutdular.
Çində keçiriləcək gələcək Dünya Oyunlarına toxunaraq qeyd edək ki, 2024-cü ildə aerobika gimnastikası təmsilçilərimiz də orada iştirak üçün vəsiqə qazandılar. Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət cütlük Mariyan Kolevin rəhbərliyi ilə İtaliyanın Pezaro şəhərində keçirilən Dünya Çempionatında gümüş medal qazandılar. Bu, aerobika gimnastikası üzrə dünya çempionatında təmsilçilərimizin tarixdə qazandığı ilk medallar oldu.
Oktyabr ayı gimnastika həvəskarlarını iki beynəlxalq yarışla sevindirdi. Bunlar 400-dək gənc gimnastın iştirak etdiyi 3-cü beynəlxalq “Ocaq kuboku”  bədii gimnastika turniri və yalnız yerli deyil, xarici tamaşaçıların da böyük marağına səbəb olan “TeamGym”üzrə 15-ci Avropa Çempionatı idi. “TeamGym”də Azərbaycan komandası da daxil olmaqla 14 ölkədən 46 komanda mübarizə apardı.
2024-cü ilin son ayı Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” beynəlxalq yarışında qələbə qazanan Tofiq Əliyevin heyrətamiz uğuru ilə yadda qaldı. O, 10 minlik tamaşaçı qarşısında mükəmməl çıxış edərək hamını valeh etdi.
İlin sonuna doğru "Qış nağılı" adlı yarışla bədii gimnastika nümayəndələri uğur üçün mübarizə apardılar. Bu yarışın ən emosional hissəsi Zöhrə Ağamirova və Zeynəb Hümmətovanın idman karyerasının başa çatdırılmasına həsr olunmuş mərasim idi. Bu idmançılar özlərini tamamilə bədii gimnastikaya həsr edərək ölkəmizi dünya səhnəsində ləyaqətlə təmsil etdilər və dünyanın ən güclü idmançıları ilə mübarizədə öz sözlərini dedilər.
Həmişə qalib gəlmək ənənəsi bizim idmançılarımıza xasdır. Yuxarıda sadalananlar təmsilçilərimizin uğurlarının yalnız bir hissəsidir. 2024-cü ildə müxtəlif yaş kateqoriyalarında gimnastikanın bütün növləri üzrə çoxsaylı beynəlxalq yarışlarda idmançılarımız fərqləndilər. Onlar Gimnaziadada və digər beynəlxalq yarışlarda yüksək nəticələr göstərdilər. Gələn il də həm ölkədə, həm də beynəlxalq arenalarda çıxış edəcəklər. Azərbaycanda bir çox beynəlxalq yarış keçiriləcək. Onların arasında ilk dəfə təşkil olunacaq tədbirlər də var.
6 sentyabrda Avropa Gimnastikasının İcraiyyə Komitəsinin iclasında məlum oldu ki, 2025-ci ildə Gəncə şəhəri ilk dəfə olaraq yaş kateqoriyaları üzrə Avropa yarışlarına və aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu, bölgəmizdə keçiriləcək gimnastika üzrə ilk Avropa çempionatı olacaq.
Daha bir xəbər oktyabrda Qətərin Doha şəhərində keçirilən Beynəlxalq Gimnastika Federasiyasının 85-ci Konqresi zamanı gəldi. Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru Natalya Bulanova yenidən Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü seçildi.
İlin ikinci yarısında 2025-2028-ci illər üçün Olimpiya dövrünün yeni qaydaları bəlli oldu və bu qaydalar xüsusi seminarlar vasitəsilə idmançılarımıza, məşqçilərimizə və hakimlərimizə öyrədildi.
İsveçrənin Lozanna şəhərində keçirilən “Qitələrarası hakimlik kursları”nın nəticələrinə əsasən, hakimlərin bir çoxu öz kateqoriyalarını artırdı. Bədii gimnastika üzrə qrup və fərdi proqramda birinci və ikinci kateqoriyaları Yevgeniya Vilyayeva və Nigar Abdusalimova qazandılar. Birinci hakimlik kateqoriyasını, həmçinin Kamil Quliyev (batut gimnastikası), Rahib Əliyev (tamblinq) və Əhməd Ağayev (idman gimnastikası) qazandı. İkinci kateqoriya hakimləri sırasında isə Səbinə Hacıyeva (bədii gimnastika – fərdi proqram) və Rza Əliyev (idman gimnastikası) yer aldı. Üçüncü kateqoriyaya isə Vəfa Bəkərova (bədii gimnastika – qrup hərəkətləri), Adil Hüseyn-zadə (tamblinq), Arif Feyziyev (parkur) və Durdanə Əhmədova (akrobatika gimnastikası) sahibləndi.
2024-cü ildə Milli Gimnastika Arenasında tanınmış gimnastika ulduzları tərəfindən idmançılarımız üçün bir çox ustad dərsləri keçirilib. Eyni zamanda, müxtəlif qitələrdən olan idmançılar və məşqçilər üçün öz təcrübələrini bölüşməyə dəvət alan mütəxəssislərimiz də xaricdə xüsusi kurslar və seminarlar keçdilər. Bədii gimnastika üzrə məşqçi Siyana Vasileva Qahirədə (Misir) məşqçilər üçün, Natalya Bulanova isə Larnakada (Kipr) hakimlər üçün kurslar keçirdi. Elnarə Hüseynovanın kursları nəticəsində Kolumbiyanın bədii gimnastika üzrə nümayəndələri tələb olunan təcrübəni əldə etdilər, məşqçi Dilbər İbrahimova isə Hindistanın Şrinaqar şəhərində öz təcrübəsini bölüşdü. Belə nümunələrin sayı çoxdur. İl ərzində Milli Gimnastika Arenasında təlim-məşq toplanışları üçün dünyanın müxtəlif ölkələrindən təxminən 70 komanda iştirak edib. Bu il ərzində gimnastlarımızın əldə etdiyi təcrübə onların gələcək uğurlarının təməli olacaq.

Hər birinizi Yeni il münasibətilə təbrik edirik!