İdman

gimnastikadan

başlayır

Jalə Qaratova Misirdə çalışacaq

05 fevral 2021

Jalə Qaratova Misirdə çalışacaq

Son illər ərzində bədii gimnastika Azərbaycanda sürətlə inkişaf edir. Yerli məşqçilərin yetişdirilməsi bu inkişafın göstəricisidir.

Əgər 2002-ci ildə yenidən qurulan Federasiya inkişafın ilk mərhələsində xarici məşqçilərlə əməkdaşlıq edirdisə, bu gün ölkəmizdə yetişmiş yerli məşqçilərin təcrübəsindən xaricdə bəhrələnirlər.

Belə ki, 2014-cü ildə istismara verilmiş Milli Gimnastika Arenasına dünyanın bir çox ölkələrindən xarici komandalar təlim-məşq toplanışlarına gəlirlər, məşqçilərimiz xarici ölkələrdə çalışmaq üçün müxtəlif dəvətlər alırlar.

Belə ölkələrdən biri Misirdir. Azərbaycan Gimnastika Federasiyası və Misir Gimnastika Federasiyası arasında dost münasibətləri və sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq nəticəsində bədii gimnastika üzrə yığma komandanın məşqçisi Jalə Qaratova Misir Gimnastika Federasiyası ilə müqavilə imzalamışdır. Müqaviləyə əsasən J.Qaratova Misirin bədii gimnastika üzrə qrup hərəkətləri komandasını Tokio-2020 Olimpiya Oyunlarına hazırlaşdıracaq.

Qeyd edək ki, J.Qaratova 2009-2013-cü illərdə bədii gimnastika üzrə yığma komandanın üzvü olmuşdur. İdmançı karyerasını bitirdikdən sonra 2013-cü ildən etibarən gənclərdən ibarət qrup hərəkətləri komandaları ilə çalışmışdır. Onun yetirmələri Avropa Çempionatının mükafatçıları olmuş və Dünya Çempionatının finalına vəsiqə qazanmışlar.

Məşqçimizə və Misir komandasında Olimpiya Oyunlarında uğurlar arzulayırıq!