İdman

gimnastikadan

başlayır

Lənkəranda bədii gimnastika üzrə açıq region birinciliyi keçirilib

14 noyabr 2026

Lənkəranda bədii gimnastika üzrə açıq region birinciliyi keçirilib

14 noyabr tarixində Lənkəranda bədii gimnastika üzrə açıq region birinciliyi keçirilib.

Yarışda “Ocaq Sport” klubunun Lənkəran, Şirvan, Masallı və Sabirabad bölmələrini təmsil edən balaca gimnastlar mübarizə aparıblar.

2014–2020-ci il təvəllüdlü gimnastların iştirak etdiyi birincilikdə idmançılar yaş qruplarına uyğun olaraq alətsiz, halqa, top və gürzlərlə proqramlarda çıxış ediblər.

Yarışın yekununda 2019-cu il təvəllüdlü gimnastlar arasında Zeynəb Nəcəfli birinci, Nilay Zeynallı ikinci, Nilay Əliyeva isə üçüncü yerə layiq görülüb.

2020-ci il təvəllüdlü gimnastların mübarizəsində Aynişan Fərzəliyeva qızıl, Dəniz Məmmədova gümüş, Ayla Ələkbərova isə bürünc medal qazanıb.

Birinciliyin sonunda fərqlənən gimnastlar müvafiq diplom və medallarla təltif olunublar.

Regionlarda bədii gimnastikaya marağın artırılması və bu idman növünün daha geniş yayılması baxımından belə yarışların keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Birincilik balaca gimnastlara öz bacarıqlarını nümayiş etdirmək, yarış təcrübələrini artırmaq və rəqabət mühitinə uyğunlaşmaq imkanı yaradıb.

Eyni zamanda, bu cür yarışlar uşaqların idmana olan həvəsinin gücləndirilməsinə, özlərinə inamlarının formalaşmasına və gimnastika üzrə ilkin bacarıqlarının inkişafına xidmət edir. Regionlarda təşkil olunan birinciliklər balaca gimnastların gələcək idman uğurlarına doğru ilk addımlarını atmaları və yeni istedadların üzə çıxarılması üçün mühüm platforma rolunu oynayır.