İdman

gimnastikadan

başlayır

Malkindən Böyük Britaniyada tarix dərsi

11 noyabr 2023

Malkindən Böyük Britaniyada tarix dərsi

Bir sıra gimnastika yarışlarını qəbul edən Böyük Britaniyada yerləşən Utilita Arena bu dəfə Azərbaycan gimnastikasının tarixi uğuruna şahidlik edib.
Belə ki, bu məkanda keçirilən batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatında tamblinq üzrə təmsilçilərimiz iki tarixi uğura imza atıblar.
Komandamıza ilk tarixi uğuru tamblinq üzrə kişilərdən ibarət Azərbaycan yığması qazandırıb.  Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədovun yer aldığı millimiz gimnastika tariximizdə ilk dəfə tamblinq üzrə dünya çempionatında komanda hesabında qızıl medala layiq görülüblər.
Təsnifat mərhələsini 168.700  xalla birinci pillədə başa vuran təmsilçilərimiz finalda ev sahibi Böyük Britaniya ilə yanaşı, Danimarka, ABŞ və Portuqaliyanın tamblinq ustalarını geridə qoyaraq 13 xalla ən yüksək pillədə qərarlaşıblar.
Daha bir medal sevincini bizə komandamızın lideri, təcrübəli gimnastımız Mixail Malkin qazandırıb. 2021-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçısı olan idmançımız finalda hakimlərdən 31.100 xal alaraq, Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə birinci yeri tutmağa və dünya çempionu titulunu qazanmağa nail olub.
Təmsilçimiz Tofiq Əliyev medala çox yaxın olsa da, 24.700 xalla finalda dördüncü pillədə qərarlaşıb. Fərdi təsnifatda yarımfinala yüksələn Adil Hacızadə bu mərhələdə 5-ci yeri tutsa da, dünya çempionatında hər ölkədən iki idmançı finalda mübarizə aparmaq imkanı qazandığı üçün o, həlledici mərhələdə iştirak edə bilməyib.
Komandamızın üzvləri Tofiq Əliyev və Adil Hacızadənin dünya çempionatında debüt etmələrini nəzərə alsaq, onların çıxışlarını kifayət qədər uğurlu hesab etmək olar.
Batut gimnastikası üzrə yarışda ölkəmizi təmsil edən yığmamızın üzvü Selcan Mahsudova təəssüf ki, dünya çempionatında finala yüksələ bilməyib və 24-cü yeri tutub.