05 noyabr 2008
35 yaşlı Mariana Vasileva əvvəllər Azərbaycanın qrup komandası ilə çalışmış və kifayət qədər yüksək nəticələrə nail olmuşdur: onun rəhbərliyi altında kollektiv Pekin Olimpiadasının final mərhələsinə və Turində keçirilən Avro-2008-ə vəsiqə qazanmışdır.
Yeni baş məşqçini təqdim edərkən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov “məşqçi heyətində baş verən dəyişikliklərin yeni ideyaların və daha yüksək nəticələrin əldə olunmasına gətirib çıxaracağına” ümid etdiyini bildirdi.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə təyinatından sonra verdiyi müsahibəsində M. Vasileva bildirmişdir ki, Azərbaycan kimi ölkənin yığma komandasının baş məşqçisi olmaq böyük şərəfdir. “Mənim üçün bu həm də böyük məsuliyyətdir və mən ümidləri doğrultmağa çalışacağam. Mənim birinci işim həmrəy insanların – həm məşqçilərin, həm gimnastların – komandasını yaratmaq olacaqdır”.
Yeri gəlmişkən, məşqçi korpusunda bolqar mütəxəssisin köməkçilərindən biri adı Azərbaycanın dünya arenasında ilk uğurları ilə bağlı olan gimnast Dinarə Gimatovadır. “Mənim digər köməkçilərim yerli mütəxəssislər olacaq. Yığma komandanın məşqləri üçün Olimpiya idman kompleksində bir zal seçilib və orada Federasiya tərəfindən hərtərəfli şərait yaradılıb. Bizə isə ancaq işləmək və bunu nəticələrimizlə sübut etmək qalır”, deyə M. Vasileva qeyd etmişdir.
Yeni məşqçinin prinsipial yönü ondadır ki, yığma komandaya yalnız ən yaxşı gimnastlar cəlb olunacaqdır. “Ölkənin maraqları şəxsi maraqları üstələməlidir – mənim peşəkar kredom budur”, baş məşqçi demişdir.
Həmçinin, İcraiyyə Komitəsinin qərarı ilə Federasiyanın nəzdində Texniki məsələlər üzrə komissiya yaradılmışdır. Komissiyanın tərkibinə Federasiyanın Baş katibi Fərid Qayıbov, Bakı Gimnastika Məktəbinin direktoru, tamblinq üzrə məşqçi Arif Qafarov, bədii gimnastika üzrə keçmiş baş məşqçi Valentina Ukleina, idman gimnastikası üzrə məşqçi Rza Əliyev və akrobatika gimnastikası üzrə məşqçi İradə Qurbanova daxildir.