20 iyun 2015
Bugünkü yarış günü bədii gimnastların fərdi proqramda və akrobatika gimnastikası üzrə qarışıq cütlük və qadın qruplarının çoxnövçülük finallarında çıxışları ilə başladı.
Bədii gimnastika üzrə yarış nəticələrinə əsasən, Marina Durunda üç final mərhələsində iştirak etmək hüququ əldə etdi (halqa, top və lent).
Digər gimnastımız Ayşən Bayramova 4 alət üzrə çıxışlarına görə ümumilikdə 66.400 xal toplayaraq, 15-ci yerdə qərarlaşdı.
Komandamızın lideri Marina Durunda finaldakı çıxışlarını 21 iyun tarixində nümayiş etdirəcəkdir. Qeyd edək ki, elə həmin gün qarışıq cütlük və qadın üçlüyü akrobatika gimnastikası üzrə finallarda balans və temp hərəkətlərini icra edəcəklər.
Batut gimnastikası və aerobika gimnastikası üzrə yarışlar bü günü başa çatdırdı. Batut üzərində sinxron proqramda kişilər arasında idmançılarımız Oleq Piunov və İlya Qrishunin, qadınlar arasında isə Svetlana Makştarova və Sabina Zaytseva çıxış etdilər.
Aerobika gimnastikası üzrə ölkəmizi Yekaterina Kotliarova, Vera Bosıx, Elçin Məmmədov, Timur Ələkbərov və Vladimir Dolmatovdan ibarət qrup təmsil etdi.
Təəssüflər olsun ki, təsnifat mərhələsinin nəticələrinə əsasən nə sinxron cütlüklər, nə də aerobika gimnastikası üzrə qrup finala vəsiqə qazanmağa müvəffəq olmadılar.