İdman

gimnastikadan

başlayır

Marina Durunda: Çox qürurlanıram ki, tarixdə ilk Avropa Oyunları məhz Bakıda keçiriləcək

15 dekabr 2014

Marina Durunda: Çox qürurlanıram ki, tarixdə ilk Avropa Oyunları məhz Bakıda keçiriləcək

2015-ci ilin yayında Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində, qərara gəldik ki, bu möhtəşəm idman tədbirində iştirakı gözlənilən gimnastlar ilə həmsöhbət olaq. Siyahımızda ilk yerdə, bədii gimnastika üzrə çoxsaylı Dünya Kuboklarının mükafatçısı, ölkənin 2 qat mütləq çempionu və Avropa Oyunlarının səfiri Marina Durundadır.

 

Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
Mənim 4 yaşım olanda, atam məni zala gətirdi. Belə ki, qohumum gimnastikayla məşğul olurdu və mən də bütün bunları öyrənmək istəyirdim. Bir az kilolu idim (gülür) və təbii olaraq mənə rəqslə məşğul olmağı tövsiyə etdilər. Lakin mən məşq etmək istəyirdim, buna görə də idmanda qaldım.

 

Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
Əgər başqa idman növünü bədii gimnastika kimi bəyənsəydim, düşünürəm ki, məndə alınardı. Lakin heç bir başqa idman növü mənim bu qədər xoşuma gəlmir.

 

Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
Düşünürəm ki, bu təcrübəylə gəlir. Tez-tez çıxış etdikdə, daha asan olur. Əbətdə, özünü də motivasiya etməlisən. Xüsusi sirri yoxdur, esas odur özünə inanasan, o zaman hər şey alınır.

 

Fikrincə hər hansı idman növündə vacib olan nədir?
Özünə inam, səbr və əmək...və hər şey alınacaq. Nizam-intizam da vacibdir. Və bir də, məşqçiyə qulaq asmaq vacibdir. Dinləmək, eşitmək və əməl etmək.

 

Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
Düşünürəm ki, bu idman növündən asılıdır. Təhlükəli idman növləri də var. Misal üçün idman gimnastikası, bədii gimnastikaya nisbətən daha təhlükəlidir. Bədii gimnastika isə elə də təhlükəli deyil.

 

İdmanda kumirin varmı?
Bəli, 2 qat Olimpiya çempionu Yevgeniya Kanayeva.

 

Yaxın gələcək üçün idman planlarından danış bir az.
İlk öncə Minskdə keçiriləcək Avropa Çempionatında layiqincə çıxış etmək, sonra Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında, daha sonra əlbətdə ki, Olimpiyadaya lisenziya əldə etmək üçün Ştutqarta keçiriləcək Dünya Çempionatında iştirak etmək. Bu lisenziyanı qazanmağı çox istəyirəm.

 

Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
Avropa Oyunları mühüm hadisədir.  Mən çox qürurlanıram ki, tarixdə ilk Avropa Oyunları məhz Bakıda keçiriləcək. Bu oyunlarda iştirak etmək çox şərəflidir. Ümumiyyətlə, mənim üçün bu vacib yarışdır, ölkəmizi öz evimizdə layiqincə təmsil etmək istəyirəm. Bu yarışa ən vacib yarış kimi hazırlaşıram. Artıq yeni mövsümdür, yeni çıxışlar hazırlamışıq, hakimləri və tamaşaçıları təəccübləndirəcəyik.

 

İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?

Yaxşı övlad, bacı, rəfiqə olmağı, sadəcə yaxşı insan olmağı  istəyirəm. Gələcək üçün başqa məqsədlərim hələki yoxdur.

 

İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

Boş vaxtlarımda gəzməyə çıxırıq, kinoya gedirik. Düşünürəm ki, biz bunlara idmançı olmayanlardan daha az vaxt sərf edirik.

 

Öz ailən haqda danış bir az.

Mənim 2 qardaşım var. Onları çox sevirəm və onlar üçün çox darıxıram. Ümumiyyətlə, valideynlərimə çox minnətdaram ki, məni məhz bu idman növünə gətiriblər, bütün karyeram boyu məni dəstəkləyiblər və hələ də dəstəkləyirlər. Onları çox sevirəm.

 

Sevdiyin şəxs varmı?

Xeyr (gülür).

 

Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?

Adətən “Marina irəli” – deyə, səslənirlər. Ümumiyyətlə xalçaya çıxmazdan əvvəl onların necə “Azərbaycan” deyə, səsləndiklərini eşidirəm və çox təsirlənirəm. Bu çox xoşdur, sadəcə başa düşürsən ki, bütün zal səni dəstəkləyir. Bu ruhlandırır.

 

Onlara nə demək istərdin?

Dəstəyiniz üçün çox sağ olun.