27 fevral 2020
Hörmətli media nümayəndələri!
Artıq bildiyiniz kimi Azərbaycan Gimnastika Federasiyası fevral ayında ilin ilk gimnastika yarışını – batut gimnastikası üzrə Dünya Kubokunu təşkil etdi.
Qarşıda isə federasiya tərəfindən daha 7 beynəlxalq yarış keçiriləcək. Bu yarışlardan 5-i üçün media akkreditasiyası Yerli Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Bunlar:
Kişi İdman Gimnastikası üzrə 1-ci AGF Junior Trophy adlı Beynəlxalq Turnir;
İdman Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy 2020;
Bədii Gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci Açıq Turnir;
Bədii Gimnastika üzrə FIG Dünya Kuboku, AGF Trophy 2020;
Aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışlarıdır.
Qeydiyyatdan keçmək üçün şəkil, şəxsiyyət və iş vəsiqələrinin surətlərinin iştirak edəcək şəxslər və media təşkilatının adının qeyd olunması ilə media@agf.az elektron poçt ünvanına göndərmək xahiş olunur. Məlumatlar natamam göndərildikdə həmin media təşkilatları və şəxslərin müraciətinə baxılmayacaqdır.
Nəzərinizə çatdırırıq ki, əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə, siz müraciətinizdə iştirak etmək istədiyiniz yarışları qeyd edərək, federasiyaya 1 dəfə müraciət etməklə qeydiyyatdan keçə bilərsiniz. Göndərdiyiniz məlumatlar hər yarışdan öncə siz tərəfdən təsdiq edildikdən sonra müvafiq yarışa akkreditasiya əldə edə biləcəksiniz. Qeydiyyatdan keçmək üçün müvafiq yarışa ən az 10 gün qalmış məlumatları yuxarıda qeyd olunmuş elektron poçt ünvanına göndərmək xahiş olunur.
Aerobika gimnastikası üzrə 16-cı Dünya Çempionatına media akkreditasiyası Beynəlxalq Gimnastika Federasiyası tərəfindən həyata keçirilir. Qeydiyyatdan keçmək üçün https://media.gymnastics.sport/ səhifəsinə daxil olmaq lazımdır. Qeydiyyat üçün son tarix 22 apreldir.
Kişi İdman Gimnastikası üzrə 34-cü Avropa Çempionatına media nümayəndələrinin qeydiyyatı isə Avropa Gimnastika İttifaqı tərəfindən həyata keçirilir. Bu yarışa akkreditasiya əldə etmək üçün https://registry.gymdata.online/ səhifəsinə daxil olmaq lazımdır. Qeydiyyat üçün son tarix 10 maydır.
Hər hansı bir sual yarandığı halda (+99412) 493 30 11 nömrəsi vasitəsilə federasiyanın mətbuat xidməti ilə əlaqə saxlaya bilərsiniz.