İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenası qış sehrinə büründü

15 dekabr 2024

Milli Gimnastika Arenası qış sehrinə büründü

Qışın sehrini özündə əks etdirən “Qış nağılı” beynəlxalq turniri başa çatdı.
Turnirdə gimnastikanın ən zərif növünün nümayəndələri əsrarəngiz çıxışlarıyla hamını valeh etdilər.

İki gün davam edən bu yarışda xarici ölkələrin gimnastika federasiyalarının, klublarının və yerli gimnastika cəmiyyətlərinin idmançıları arenada öz bacarıqlarını sərgilədilər. 2009-2018-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm qrup hərəkətləri kateqoriyası üzrə alətsiz, lent, top və halqa ilə çıxışlarında tamaşaçıları heyran etdilər. Hər bir çıxış arenada böyük coşqu ilə qarşılandı. Gimnastlar performanslarıyla arenada əsl zəriflik şousu göstərdilər.  

Yarış boyunca Azərbaycan Gimnastika Federasiyasının sevimli maskotları Cilli və Tilli həm idmançılara dəstək olub, motivasiya etdi, həm də tamaşaçılarla əyləncəli müsabiqələr keçirdi.
 
Turnirin ikinci günündə də daha bir gimnastımızla sağollaşdıq. Bədii gimnastika üzrə milli komandamızın üzvü, Paris-2024 Yay Olimpiya Oyunlarının finalçısı, Dünya çempionatının bürünc medalçısı, Avropa çempionatının 9 qat mükafatçısı Zeynəb Hümmətova peşəkar gimnastika karyerasını bitirdi. Bu münasibətlə Zeynəbin komanda yoldaşları, gimnastika yolunda bir addımladığı qrup hərəkətləri komandası Zeynəbə həsr etdikləri çıxışı sərgilədilər. Daha sonra isə Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Rauf Əliyev Zeynəbə “Azərbaycan gimnastikasına verdiyi töhfələrə görə” təltifnamə və hədiyyələr təqdim etdi.

“Qış nağılı” turnirinin son günündə Macarıstanın bədii gimnastı, Dünya çempionatının bürünc, Avropa çempionatının gümüş medalçısı Fani Piqnitski tərəfindən turnir iştirakçıları üçün bədii gimnastika üzrə ustad dərsi keçirildi. Dərs zamanı Fani gimnastlara öz karyerası, uğurları və keçdiyi çətinliklər haqda danışdı. Daha sonra öz texnika və metodları ilə onlara məşq keçdi.

Bu əsrarəngiz turnirdə qalib olan bütün gimnastları təbrik edir, iştirak edən hər kəsə bizimlə birgə olduqları üçün təşəkkür edirik!