06 mart 2025
İdman gimnastlarının növbəti mübarizəsinə Bakıda, Milli Gimnastika Arenasında start verildi.
6-9 mart tarixlərində Bakıda keçirilən “İdman gimnastikası üzrə FIG Dünya kuboku, AGF Trophy”nin açılış mərasimi baş tutdu.
Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlərin Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın idmanın bu növünün inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğuladı.
Daha sonra Dünya kuboku açıq elan olundu və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Yarışda ev sahibi Azərbaycandan başqa, Belçika, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Çin, Macarıstan, Hindistan, Yaponiya, AIN, Qazaxıstan, Latviya, Honq Konq, Serbiya, Sloveniya, Türkiyə, Ukrayna, Amerika, Özbəkistan təmsilçiləri müxtəlif proqramlarda öz qüvvələrini sınayırlar.
Dünya kubokunda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (halqalar, dayaqlı tullanma) qadınlar arasında isə Dəniz Əliyeva (dayaqlı tullanma, gimnastika tiri, turnik, sərbəst hərəkətlər) təmsil edəcəklər. Dördgünlük yarışların yekununda, həmçinin ən yüksək icra xalı toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.