İdman
gimnastikadan
başlayır
25 noyabr 2026
İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının həyata keçirdiyi “İdman psixologiyası” təlim proqramı çərçivəsində iştirakçılar üçün Milli Gimnastika Arenasına infotur təşkil olunub.
İnfoturun əsas məqsədi iştirakçıların gimnastika növlərinin xüsusiyyətləri, məşq prosesi, idmançıların hazırlıq mərhələləri və onların qarşılaşdıqları psixoloji çağırışlarla yaxından tanış olmasıdır.
Səfər iştirakçıların nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirməsinə, gimnastların gündəlik məşq mühitini öyrənməsinə, eləcə də idmançı və məşqçi arasındakı kommunikasiyanın xüsusiyyətlərini daha dərindən anlamasına yönəlib.
İnfoturun ardından Azərbaycan Gimnastika Federasiyasının (AGF) “Safeguarding” üzrə meneceri Namiq Bədirxanov tərəfindən iştirakçılar üçün seminar keçirilib. İdmançıların təhlükəsizliyinin və rifahının qorunmasına həsr olunan seminarın əsas mövzusu idmanda sağlam, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan mühitin formalaşdırılması, idmançıların hüquqlarının müdafiəsi, fiziki və psixoloji zorakılığın qarşısının alınmasının əhəmiyyəti olub.
Qeyd edək ki, 11 həftəni əhatə edən və 144 akademik saatdan ibarət təlim proqramına nəzəri mühazirələr, praktiki məşğələlər, vebinarlar və idman federasiyalarında təcrübə daxildir. Proqram çərçivəsində idmançıların psixoloji hazırlığı, psixodiaqnostika, idman nəticələrinin yüksəldilməsinin psixoloji aspektləri, mental sağlamlıq və idmanda kommunikasiya psixologiyası kimi mövzulara xüsusi diqqət yetirilir.
Bu kimi təşəbbüslər idman sahəsində psixoloji dəstək mexanizmlərinin inkişafına, mütəxəssislər arasında təcrübə mübadiləsinə, həmçinin idmançıların fiziki və psixoloji rifahını ön planda tutan təhlükəsiz idman mühitinin formalaşdırılmasına xidmət edir.