İdman

gimnastikadan

başlayır

Nazir: Bakıdakı Dünya Kuboku Azərbaycanda bədii gimnastikanın inkişafında vacib rol oynayacaq

22 iyul 2016

Nazir: Bakıdakı Dünya Kuboku Azərbaycanda bədii gimnastikanın inkişafında vacib rol oynayacaq

“Azərbaycan müasir dövrdə beynəlxalq miqyasda idman dövləti kimi tanınır və bunun nəticəsi kimi müxtəlif beynəlxalq idman yarışlarının - qitə və dünya çempionatlarının ölkəmizdə keçirilməsi artıq ənənəyə çevrilib” - deyə, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının açılış mərasimində çıxış edərkən Trend-ə bildirib.

Müxtəlif ölkələrdən yarış iştirakçılarını qədim azərbaycan torpağında salamlayan nazir onlara ən xoş arzularını çatdırıb.

Nazirin sözlərinə görə, İlk Avropa Oyunlarının, “Formula 1” Avropa Qran-prisinin, cari ildə Ümumdünya Şahmat Olimpiadasının, 2017-cü ildə İslam Həmrəylik Oyunlarının, məhz Azərbaycanda keçirilməsi beynəlxalq idman ictimaiyyəti tərəfindən ölkəmizə göstərilən etimadın bariz nümunəsidir: "Bu etimadı doğrultmaq üçün Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi diqqəti və rəhbərliyi altında üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Əminəm ki, bu yarışın da yüksək səviyyədə keçirilməsinə nail olacağıq. Bədii gimnastikanı dünyada, o cümlədən ölkəmizdə çox sevirlər və bu idman növü böyük tamaşaçı auditoriyası toplayır”.

Gənclər və idman naziri xüsusi vurğulayıb ki, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra gimnastikanın bütün növlərinə, o cümlədən bədii gimnastikaya diqqət və maraq xeyli artıb və nəticədə bütün tədbirlər yüksək səviyyədə təşkil edilir, idman bayramına çevrilir”.

A. Rəhimov qeyd edib ki, 2003-cü ildən başlayaraq ölkədə bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri keçirilib, 2005-ci ildə Dünya Çempionatı, 2007-ci ildən isə Avropa Çempionatı təşkil edilib: "Bu gün ölkəmizdə gimnastikanın bu növü üzrə artıq dördüncü dəfə Dünya Kuboku yarışları keçirilir. Fürsətdən istifadə edərək, belə mötəbər yarışın respublikada keçirilməsi üçün göstərilən etimada görə Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Şübhəsiz ki, 17 ölkənin idmançılarının iştirak etdiyi yarış Azərbaycanda idmanın bu növünün inkişafında və təbliğində mühüm rol oynayacaq, idmançılarımızın təcrübə qazanmaları üçün əlverişli şərait yaradacaq. Əminəm ki, bu tədbir yarışları izləmək məqsədilə gələn tamaşaçılar və azarkeşlər üçün unudulmaz hadisə olacaq. Ümid edirəm ki, Dünya Kuboku yarışlarında qüvvələrini sınayan idmançılar avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında da öz bacarıqlarını nümayiş etdirəcəklər”. Sonda nazir, hər bir idmançıya layiqli mübarizə aparmağı və qələbə arzulayıb.

“Trend” İnformasiya Agentliyi, 22 iyul 2016-cı il