22 aprel 2022
Məlumat verdiyimiz kimi, bu gün Milli Gimnastika Arenası yenidən öz qapılarını dünyaca məşhur bədii gimnastlar üçün açıb.
31 ölkədən 126 gimnast paytaxt Bakıda fərqlənmək üçün mübarizəyə qoşulub.
İki illik fasilədən sonra azarkeşlərin yarışlarda iştirak etməsi, idmançıların gimnastikasevərlərin hərarətli alqış sədaları altında səhnədə nümayiş etdirdikləri biri-birindən maraqlı çıxışları Dünya kubokuna daha da böyük həyəcan qatıb. Doğma divarlar arasında çıxış edən Azərbaycan komandası üçün isə azarkeşlərin dəstəyi əsl bayram-əhval ruhiyyəsi yaşadıb. Təmsilçilərimiz onları ürəkdən dəstəkləyən azarkeşlərə öz peşəkar, rəngarəng çıxışları, tükənməyən əzmkarlıqları ilə ən xoş anlar yaşatmağa çalışıblar.
Dünya Kubokunun birinci günündə fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə təsnifat mərhələləri keçirilib. Əvvəlcə gimnastlar fərdi növdə top və halqa ilə hərəkətləri, daha sonra qrup hərəkətləri proqramında 5 halqa ilə çıxışlarını nümayiş etdiriblər.
Ölkəmizi fərdi çoxnövçülük proqramında gənclər arasında dünya çempionatının gümüş və bürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı Arzu Cəlilova və 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova təmsil edib.
Arzu Cəlilova halqa və topla hərəkətlərin cəminə görə çoxnövçülük üzrə təsnifat mərhələsini 63.050 xalla 3-cü pillədə başa vurub.
Komandamızın digər üzvü Zöhrə Ağamirova isə hər iki hərəkətin (halqa və top) cəminə görə çoxnövçülük üzrə təsnifat mərhələsində 61.300 xalla 5-ci pillədə qərarlaşıb.
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri 5 halqa ilə hərəkətlərin icrasına görə 33.050 xalla təsnifat mərhələsində ikinci olublar.
Sabah gimnastlar fərdi proqramda lent və gürzlərlə, qrup hərəkətləri proqramında isə 3 lent və 2 topla çoxnövçülük yarışlarında çıxışlarını davam etdirəcəklər.
Qeyd edək ki, Dünya kubokuna aprelin 24-də yekun vurulacaq.