06 fevral 2012
Qarlı hava və çovğun bədii gimnastika üzrə acıq Bakı birinciliyinə mane ola bilmədi. Azərbaycanla sərhəd üç ölkənin - Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə keçirilən yarışda idmançılar ümumilikdə 22 dəst medal uğrunda mübarizə aparıblar!
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, yarışlar rekordlarla yadda qalıb. Belə ki, yarışlarda 130 idmançı və daha 4 qrup komandası iştirak edib. Onun sözlərinə görə, bu, Azərbaycan Prezidentinin 2012-ci ili "İdman ili" elan etməsindən sonra ölkədə keçirilən ilk kütləvi yarışdır.
Yarışda ən gərgin mübarizə 1997-99-cu il təvəllüdlü gimnastlar arasında baş tutub. Lentlə hərəkətlərdən başqa, bütün növlərdə qələbəni Respublika Kompleks İdman Məktəbinin nümayəndəsi Mənsurə Bağıyeva bayram edib. Lentlə tapşırıqda qalib gələn Gülsüm Şəfizadə onun klub yoldaşıdır. Şəfizadə çoxnövçülükdə ikinci yeri tutub. Bürünc medala isə Gürcüstan idmançısı Sofia Farulava sahib çıxıb.
Qonşu ölkələrin gimnastları Bakı turnirində uğurla (1 gümüş və 4 bürünc medal) iştirak ediblər. Buna görə də Gürcüstan Gimnastika Federasiyasının baş katibi Pikria Pankvelaşvili son dərəcə şad olub.
12 yaşlı gimnastların turnirində birinciliyi (çoxnövçülük, top və lent) Respublika Kompleks İdman Məktəbinin daha bir yetirməsi Jalə Piriyeva əldə edib. Yalnız alətsiz hərəkətlərdə qızıl medala onun komanda yoldaşı Züleyxa İsmayılova sahib çıxıb. İsmayılova çoxnövçülükdə ikinciliklə kifayətlənib. Ruqiyyə Səttarova ("Spartak") isə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bu cəmiyyətin digər gimnastı Leyli İbrahimova 2001-ci il təvəllüdlü idmançılar arasında bütün növ proqramlarda liderlik edib. Çoxnövçülükdə ikinci yerə Zöhrə Ağamirova ("Neftçi"), üçüncü yerə isə İlahə Məmmədova (Bakı Gimnastika Məktəbi) çıxıb. Topla hərəkətlərdə türkiyəli Selen Bektaşın gümüş medal qazandığını qeyd etmək lazımdır.
Daha bir türkiyəli gimnast Bakı turnirində fəxri kürsüyə yüksəlib. Belə ki, Simay Akın 10 yaşlı idmançılar arasında alətsiz hərəkətlərdə bürünc medal qazanıb. Türkiyə nümayəndə heyətinin rəhbəri Figen Altay bu nəticələrdən çox razı qalıb, həmçinin, Türkiyənin qabaqcıl gimnastları ilə Bakıda üçhəftəlik toplanış keçirilməsinə görə minnətdarlığını bildirib. Digər növlərdə olduğu kimi, bu yaş kateqoriyasında da qələbəni Vəfa Həsənzadə (Bakı Gimnastika Məktəbi) bayram edib, çoxnövçülükdə ikinci və üçüncü yerləri müvafiq olaraq, Darya Sorokina və Ləman Hacıyeva (hər ikisi "Spartak" cəmiyyətinin üzvüdür) tutublar.
2003-cü il təvəllüdlü iştirakçılar arasında Ləman Hüseynova rəqib tanımayıb ("Spartak"). Onun komanda yoldaşı Nigar Əli ikinci olduğu halda, Bakı Gimnastika Məktəbinin üzvü Darya Farşbahşəhriyari iplə tapşırıqda üçüncü yerə sahib çıxıb.
Nəhayət səkkizyaşlı gimnastlar arasında qalib idmançılar bunlardır: Lalə Kramarenko ("Spartak"), Arzu Cəlilova ("Neftçi") və Nərminə Səmədova (Respublika Kompleks İdman Məktəbi). Qeyd edək ki, Qusar təmsilçisi Jalə Ağadadaşova bu yarışda ilk dəfə və olduqca inamla iştirak edib. Halbuki Qusarda gimnastika seksiyası yalnız ötən il açılıb.
Təkcə Qazaxıstandan olan gimnastlar Bakı turnirində medal qazana bilməyiblər. Onların məşqçisi Veronika Zolotarevanın sözlərinə görə, qızlar zəruri yarış təcrübəsi qazandılar və yerli yarışlardan pis çıxış etmədilər.
Açıq turnirin bağlanışı 2002-2004-cü il təvəllüdlü qrup komandalarının gimnastlarının çıxışı ilə baş tutub. Birinciliyin əsas kubokunu "Spartak" gimnastları qazanıblar, qalan ikisinə isə "Bakı" Peşəkar İdman Klubu və "Sərhədçi"nin idmançıları sahib çıxıblar.