21 noyabr 2024
Türkiyəli güllə atıcısı, “Paris-2024” Yay Olimpiya Oyunlarının gümüş medalçısı Şevval İlayda Tarhan Milli Gimnastika Arenasında qonaq oldu. İlk öncə arenadakı şəraitlə tanış olan idmançı arena haqda öz təəssüratlarını bölüşərək buranın məşq üçün çox əlverişli və füsunkar olduğunu vurğuladı. Daha sonra gimnastlarla görüş keçirdi. Görüş boyu Şevval öz ilhamverici hekayəsini bölüşərək idmana olan sevgisinin, əzminin və qarşılaşdığı çətinliklərin onu necə zirvəyə apardığını səmimi şəkildə izah etdi. Görüşdə iştirak edən, beynəlxalq arenada yüksək nəticələr göstərmiş gimnastlarımız böyük maraqla onu dinləyib daha yüksək zirvələri fəth etmək üçün hansı yollardan keçməli olduqları haqda danışdılar. Şevval onların hər bir sualını həvəslə, yorulmadan cavablayaraq motivasiya dolu məsləhətlər verdi.
Görüşə “Paris-2024” Olimpiya Oyunlarında əsrarəngiz çıxışı ilə yaddaqalan, güllə atıcılığı üzrə digər ulduz idmançı Yusuf Dikeç də videozənglə qatıldı. Onun səmimi və motivasiyaedici sözləri gimnastlarımız üçün xüsusi əhəmiyyət daşıyırdı.
Sonda Şevval İlayda Tarhan gimnastlarımız haqda fikirlərini bölüşdü. Gimnastlarımızın əzmli və həvəsli olduğunu, onların gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını bildirdi.