17 aprel 2018
Ötən həftə Belçikanın Antverp şəhəri akrobatika gimnastikası üzrə 26-cı Dünya Çempionatına ev sahibliyi edib.
19 ölkədən 174 gimnastın iştirak etdiyi çempionatda Azərbaycan təmsilçiləri də yer alıb. Bu qəbildən olan yarışda böyüklər proqramında ilk dəfə çıxış edən qarışıq cütlüklərimizdən ən yaxşı nəticəni Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi göstərib. Belə ki, gimnastlarımızın nümayişlərinin 28.280 xalla dəyərləndirilməsi onları Dünya Çempionatının 4-cüsü edib.
Çempionatda ölkəmizi təmsil edən digər qarışıq cütlük Nurcan Cabbarlı və Ağasif Rəhimov isə çıxışlarında səhvə yol verdiklərindən sıralamada 14-cü yerlə kifayətləniblər.
Seymur Cəfərov və Murad Əkbərovdan ibarət kişi cütlüyümüz isə 80.860 xalla 10-cu yerdə qərarlaşıblar.