10 aprel 2018
Ötən həftə Antverp şəhəri akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupu Yarışlarına ev sahibliyi etdi. Ölkəmizi təmsil etmək üçün həmin şəhərə yollanan millimizin üzvləri artıq çıxışlarını yekunlaşdırıblar. İlk dəfə olaraq bu qəbildən olan yarışda çıxış edən Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz 11-16 yaş kateqoriyasında finala çıxmağı bacarıblar. Həlledici mərhələdə qızlarımız 27.400 xalla 8-ci olublar.
Eyni yaş kateqoriyasında debüt edən kişi cütlüyümüz də medallar uğrunda mübarizə aparıblar. Murad Rəfiyev və Daniel Abbasovun icra etdiyi kompozisiyalar hakimlər tərəfindən 26.750 xalla dəyərləndirilib və yekunda onlar 5-ci yerdə qərar tutublar.
Ləman Məmmədova, Emiliya Nəzərli və Raziyə Seyidlidən ibarət qrupumuz isə 12-18 yaş kateqoriyasında yarışıblar. Qızlarımız 34 iştirakçı arasında 16-cı olublar.
Qeyd edək ki, bu günlərdə Antverpdə akrobatika gimnastikası üzrə Dünya Çempionatı da start götürəcək. Ölkəmizi bu çempionatda qarışıq cütlüklər Nurcan Cabbarlı - Ağasif Rəhimov, Ruhidil Qurbanlı - Abdulla Əl-Məşayxi və kişi cütlüyümüz Seymur Cəfərov - Murad Əkpərov təmsil edəcəklər.