İdman

gimnastikadan

başlayır

Paris-2024-ə tarixi Olimpiya lisenziyası

25 mart 2024

Paris-2024-ə tarixi Olimpiya lisenziyası

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 
Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır. 

Bu nəticə ilə gimnastımız ölkəmizdə 2013-cü ildən inkişaf etməyə başlayan batut gimnastikası növündə Azərbaycan gimnastika məktəbinin yetirməsi olaraq ilkə imza ataraq adını gimnastika tarixinə yazdırdı.  

Batut gimnastikası ölkəmizdə cəmi 10 ildir ki, inkişaf etdirilir. Məhz milli gimnastika məktəbinin yetirməsinin qısa inkişaf dövrü ərzində Olimpiadaya lisenziya qazanması bu növdə qazanılan ən yüksək nailiyyətdir.  

Almaniyanın Kotbus şəhərində keçirilən Dünya kubokunun son mərhələsində yarımfinala vəsiqə qazanan gimnastımız ötən ildən etibarən Paris-2024-ə lisenziya xalları qazandıran Dünya kuboklarında mübarizə aparırdı. 

Onun lisenziya xarakterli beş Dünya kubokunun ikisində göstərdiyi yekun nəticə Olimpiya Oyunlarına vəsiqəsini təmin etmək üçün yetərli olub. 

Bununla da gimnastika millimizin Paris-2024-ə qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib. 

Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il Paris-2024-ə lisenziya əldə etmişdi.